Çində dünyanın ilk 20 meqavatlıq dəniz külək turbini quraşdırılıb

DÜNYA
KÜLƏK

image

Çinin cənubunda, Fuçjan əyalətinin sahillərində 20 MVt gücündə dəniz üzərində külək turbininin quraşdırılması baş tutub. Bu layihə tədqiqat məqsədi ilə həyata keçirilib və "China Three Gorges" (CTG) şirkəti ilə "Goldwind" şirkətinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb. CTG-nin açıqlamasına görə, bu dünyada ilk dəfə dənizdə 20 MVt gücündə külək turbininin quraşdırılmasıdır.

Quraşdırma sahəsi sahildən 30 kilometrdən çox məsafədə, dərinliyi isə 40 metrdən çox olan ərazilərdə yerləşir.

Yeni külək turbininin rotor diametri 300 metr, qanad uzunluğu isə 147 metrdir. Turbinin süpürmə sahəsi (swept area) 10 standart futbol meydançasına bərabərdir. Mərkəz hündürlüyü isə 174 metrdir ki, bu da 58 mərtəbəli bina hündürlüyünə bərabər sayılır. CTG-nin məlumatına görə, 20 MW-lıq model ildə 80 milyon kVts-dan çox elektrik enerjisi istehsal edə biləcək ki, bu da təxminən 44 min evin illik elektrik tələbatını ödəyəcək.

Turbinin yüngül dizaynı da diqqət çəkir. Bütün qurğunun hər meqavat üçün çəkisi 40 tondan azdır ki, bu da sənaye ortalamasından 20 % daha azdır. Turbinin ağıllı monitorinq sistemi çoxölçülü hiss etmə və erkən təhlükəsizlik xəbərdarlığı sistemi ilə təchiz edilib. Sistemə inteqrasiya olunmuş LiDAR və qanad kök yük sensorları daxildir ki, bu da dənizdə nəzarətsiz vəziyyətdə belə qurğunun avtonom və təhlükəsiz işləməsini təmin edir.

20 MVt-lıq dəniz üzəri turbininin quraşdırılması, 2023-cü ildə Fuçjanın Pingtan sularında quraşdırılan 16 MVt-lıq ilk dəniz üzəri külək turbininin davamıdır. Həmin layihə də CTG və "Goldwind" tərəfindən həyata keçirilmişdi.

Eyni zamanda, "Mingyang Smart Energy" şirkəti də yeni tək qurğu gücünün artırılması sahəsində CTG və "Goldwind" ilə sıx rəqabət aparır. "Mingyang" 2023-cü ildə 16 MVt-lıq dəniz üzəri turbin prototipini quraşdırmış, 2024-cü ildə isə Hainan adasında qurulan quru test sahəsində 20 MVt-lıq prototipi yerləşdirmişdi.

20 MVt-lıq turbin, Milli Əsas Tədqiqat və İnkişaf Proqramı çərçivəsində “Bərpa olunan Enerji Texnologiyaları” layihəsi kimi həyata keçirilib və Milli Enerji Administrasiyası tərəfindən enerji sahəsində “ilk dəst üçün əsas texnoloji avadanlıq” kimi beşinci mərhələyə seçilib. Milli Enerji Administrasiyasının və Fuçjan əyalətinin İnkişaf və İslahat Komissiyasının rəhbərliyi və dəstəyi ilə bu layihə "Three Gorges Group" və "Goldwind Technology" tərəfindən birgə dizayn edilərək, inşa və nümayiş etdirilib.



OXŞAR XƏBƏRLƏR