Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin "Universal Energy" şirkətinin investisiya qoyduğu və inşa etdiyi 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyası (GES) layihəsinə baş çəkib.
Renewables.az-ın xəbərinə görə, bu barədə "Universal Energy" şirkəti məlumat yayıb.
Məlumata görə, layihənin yerləşdiyi Qobustan rayonunda "Universal Energy" şirkətinin layihə meneceri nazirə və nümayəndə heyətinə stansiyada görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırda layihə elektrik şəbəkəsinə qoşulmağa tam hazırdır və tikinti işləri təsdiq edilmiş qrafikə uyğun şəkildə davam etdirilir.
Energetika naziri Pərviz Şahbazov layihədə əldə olunan irəliləyişi yüksək qiymətləndirərək bildirib ki, stansiyanın istismara verilməsi Azərbaycanın enerji balansının optimallaşdırılmasına və bərpa olunan enerji istehsalının artırılmasına mühüm töhfə verəcək.
Nazir qeyd edib ki, Azərbaycan hökuməti layihənin uğurla tamamlanması üçün bundan sonra da dəstəyini davam etdirəcək. O, həmçinin "Universal Energy" şirkətini ölkədə həyata keçiriləcək gələcək bərpa olunan enerji layihələrinə investisiya qoymağa və əməkdaşlığı genişləndirməyə dəvət edib.
Qeyd edək ki, layihə Azərbaycanın ilk bərpa olunan enerji hərracının qalibi olan "Universal Energy" şirkəti tərəfindən həyata keçirilir.
