Enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti olan "ACWA Power" İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkil etdiyi “Dayaq” Mükafat tədbirində "2024-cü ilin Fəal Xarici Şirkəti” adına layiq görülüb.
Mükafatı "ACWA Power"ın Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qəbul edib. O bildirib ki, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 %-ə çatdırmaq, istixana qazı emissiyalarını 35 % azaltmaqla iqtisadiyyatın dekarbonizasiya etmək üçün ilhamverici hədəflər müəyyənləşdirib: “Strateji mövqeyi və geniş "yaşıl enerji" potensialı ilə Azərbaycan, regionda və onun hüdudlarından kənarda "yaşıl enerji"nin inkişafında və təmin olunmasında əsas oyunçulardan birinə çevrilməyə hazırdır. "ACWA Power" Azərbaycanın bu strategiyasını dəstəkləyir, ölkədə "yaşıl enerji", suyun duzsuzlaşdırılması layihələrinə sərmayə qoymağa böyük maraq göstərir”.
Bu ilin sentyabr ayında "ACWA Power Azərbaycan" və KOBİA arasında yaşıl sahibkarlığın təşviqi və Azərbaycanda mikro, kiçik və orta müəssisələr üçün iqlim dəyişikliyi məsələlərinin həlli üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, "ACWA Power" ölkədə keçirilmiş mühüm tədbir olan COP29-un Enerji və Su Tərəfdaşı olmuşdu. Hazırda şirkət investisiya dəyəri 340 milyon ABŞ dolları olan, 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasını inşa edir.