İyul ayında Qobustan və Xızıdakı külək elektrik stansiyalarında (KES) istehsala başlanılacaq.
Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "ACWA Power"in Mərkəzi Asiya üzrə prezidenti Abid Malik Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” panel müzakirəsində bildirib.
O xatırladıb ki, "ACWA Power" Azərbaycanda Qobustan və Xızıda 240 meqavatlıq külək enerjisi layihəsinin həyata keçirir: "Külək elektrik stansiyalarında bu ilin iyul ayında bir neçə partiyada elektrik enerjisinin istehsalına başlayacağıq. Hazırda külək turbinləri işləyir. Bu ilin sonuna qədər stansiyada tam olaraq 240 meqavat quraşdırılmış gücə çatacağıq".
A.Malik söyləyib ki, şirkət Azərbaycan hökuməti ilə ölkədə ilk dəfə olaraq duzdan təmizlənmiş su layihəsinə dair müqavilə imzalayacaq: "Bu, Azərbaycan tarixində yeni bir mərhələ olacaq. Bu layihə 2-2,5 ildən sonra istismara veriləcək. Beləliklə, hazırda Azərbaycan Energetika və İqtisadiyyat nazirlikləri ilə layihələri inkişaf etdirmək üçün çox sıx əməkdaşlıq edirik".
O həmçinin qeyd edib ki, hazırda şirkət Özbəkistan, Azərbaycan və Türkiyədəki layihələrlə məşğuldur: "Özbəkistandakı portfelimiz təxminən 15 milyard ABŞ dollarına yaxındır. Biz Özbəkistanda ən böyük enerji istehsalçısı və bərpa olunan enerji istehsalçısıyıq. Türkiyədə enerji layihələrimiz var və biz Türkiyədə daha çox bərpa olunan enerji layihələrini inkişaf etdirmək üçün sıx əməkdaşlıq edirik".