Səudiyyə Ərəbistanının aparıcı enerji şirkətlərindən biri olan "ACWA Power" rebrendinq edərək adını "Acwa" olaraq dəyişib və yeni loqosunu ictimaiyyətə təqdim edib.
Şirkət tərəfindən yayılan məlumata görə, yenilənmiş brend "ACWA"nın regional Səudiyyə şirkətindən qlobal liderə çevrildiyi mühüm bir mərhələdə təqdim olunub. Hazırda "Acwa"nın 115 milyard ABŞ dolları həcmində idarə olunan aktivləri, 15 ölkədə 111 layihəsi mövcuddur. Şirkət hər gün 75 milyondan çox insana etibarlı enerji, 34 milyon insana isə təmiz içməli su təmin edir.
Son üç ildə fəaliyyət miqyasını iki dəfə genişləndirən şirkət, 2030-cu ilə qədər bərpa olunan enerji, yaşıl hidrogen və suyun duzsuzlaşdırılması sahələrinə sürətləndirilmiş investisiyalar hesabına idarə olunan aktivlərini 250 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Bu strateji məqsədlər Səudiyyə Ərəbistanının "Vision 2030" proqramına, eləcə də tərəfdaş ölkələrin xalis sıfır emissiya (net-zero) hədəflərinə dəstək verir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının "Acwa" şirkəti Azərbaycanda da bərpa olunan enerji layihələri həyata keçirir. Cari ilin 8 yanvar tarixində şirkətin investisiyası hesabına inşa olunan "Xızı–Abşeron" Külək Elektrik Stansiyasının açılış mərasimi keçirilib.
