ADB Azərbaycan Dəmir Yollarına bərpa olunan enerji mənbələrinin araşdırılmasında texniki dəstək göstərəcək

AZƏRBAYCAN

image

Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) karbonsuzlaşdırma üzrə strateji layihəyə start verilib.

ADB Azərbaycan Dəmir Yollarına tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi və qurumun karbonsuzlaşdırma prosesini sürətləndirmək üçün mövcud olan texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində, həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılmasında texniki dəstək göstərəcək. 

ADB-nin dəstəyi ilə həyata keçiriləcək layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və ölkənin dayanıqlı dəmir yolu sisteminə sürətlə transformasiyasını təşviq etmək məqsədi daşıyır. 

ADB-nin Yeni Enerji Sahələri Departamentinin direktoru Sindi Sisneros Tianko Bakıda karbonsuzlaşdırma ilə bağlı layihənin təqdimatı çərçivəsində yerli mətbuata bildirib ki, texniki yardım bir neçə əsas nəticəyə yönəlib və bütün bunlar gələcəyin dəmir yolu şirkətinin necə olması ilə bağlı ADY-nin baxışı ilə uzlaşır: "Biz innovativ həlləri təkcə dəmir yolunun fəaliyyəti çərçivəsində deyil, həm də onun öz aktivlərindən bərpa olunan enerji istehsalında və öz ehtiyacları üçün istifadə etməsi mümkünlüyü nöqteyi-nəzərindən gözdən keçirəcəyik".

Qeyd edək ki, ADY-nin Biləcəri lokomotiv deposunda 307, Gəncə lokomotiv deposunda isə 350 günəş paneli quraşdırılıb. Günəş panelləri 2024-cü ildə 90 min kVts “yaşıl” elektrik enerjisi istehsal edib. Əldə edilmiş təmiz enerjidən istifadə nəticəsində 8 min kubmetrdən çox təbii qaza qənaət edilib və 20 min kiloqram karbon emissiyasının qarşısı alınıb.



OXŞAR XƏBƏRLƏR