Almaniyanın keçmiş kömür mədənləri bölgəsində dünyanın ən hündür külək turbini tikilir

DÜNYA
KÜLƏK

image

Almaniyanın bir vaxtlar kömür mədənləri ilə tanınan bölgələrindən birində təmiz enerjiyə keçid sürətlənir.

Euronews-un məlumatına görə, Brandenburg əyalətinin kiçik Şipkau şəhərində dünyanın ən hündür külək turbininin tikintisinə başlanılıb.

Hazırda ərazidə iri kranlar quraşdırılıb, polad konstruksiyalar yığılır və hündür qəfəsvari dirək mərhələli şəkildə göyə doğru ucaldılır. Layihə plan üzrə davam edərsə, burada 360 metr hündürlüyündə külək turbini inşa olunacaq. Bu, təxminən 100 mərtəbəli binaya bərabərdir və Berlin Televiziya Qülləsindən (368 m) sonra Almaniyanın ikinci ən hündür qurğusu olacaq.

Almaniyanın Federal Ətraf Mühit naziri Karsten Şnayder bildirib ki, layihə Avropada enerji qiymətlərinin artdığı bir dövrdə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yeni turbina ölkənin digər regionlardan neft və qaz asılılığını azaltmağa kömək edəcək.

Daha yüksək – daha çox enerji

Mütəxəssislər qeyd edir ki, 300 metr yüksəklikdən yuxarıda külək daha güclü və sabit əsir. Bu isə daha çox elektrik enerjisi istehsalına imkan yaradır.

Qeyd olunur ki, adi kranlarla belə hündür qurğunu tikmək mümkün deyil. Buna görə layihədə patentləşdirilmiş teleskopik qaldırma sistemi tətbiq olunacaq. Turbin əvvəlcə 150 metrədək quraşdırılacaq, daha sonra xüsusi mexanizm vasitəsilə 300 metrə qədər yüksəldiləcək.

Layihə müəyyən çətinliklərlə də üzləşib. 2025-ci ilin sonunda polad hissələrdə aşkar edilən problemlər səbəbindən tikinti müvəqqəti dayandırılmışdı. Hazırda işlər yenidən bərpa olunub. Tikintini həyata keçirən GICON şirkətinin rəhbəri Yoahen Qrosman bildirib ki, təhlükəsizlik və keyfiyyət layihədə əsas prioritetdir.

7 500 ailəni elektriklə təmin edə bilər

Turbinin 2026-cı ilin sonuna doğru şəbəkəyə qoşulması planlaşdırılır. Layihə üzrə illik elektrik istehsalının 30–33 giqavat-saat olacağı gözlənilir. Elektrik enerjisinin maya dəyərinin isə hər kilovat-saat üçün 5 avrosentdən aşağı olacağı proqnozlaşdırılır.

Bu göstərici yaxınlıqdakı ənənəvi külək turbinləri ilə müqayisədə 220 faiz daha yüksək məhsuldarlıq deməkdir və təxminən 7 500 dörd nəfərlik ailənin elektrik tələbatını ödəyə bilər.

Yüksək hündürlük külək texnologiyası

Şirkət 2010-cu ildən yüksək hündürlüklü külək texnologiyası üzərində işlədiyini bildirir. Aparılan ölçmələr göstərib ki, 300 metr yüksəklikdə külək həm daha güclü, həm də daha sabitdir.

Ekspertlər hesab edir ki, Avropanın bir çox bölgəsində – Şərqi Polşadan İberiya yarımadasınadək – yer səthinə yaxın zəif küləklər səbəbindən külək enerjisindən tam istifadə mümkün deyil. Yüksək hündürlüklü külək qüllələri bu problemin həlli kimi qiymətləndirilir.

Kömür bölgəsindən yaşıl enerji mərkəzinə

Şipkau şəhəri uzun illər kömür sənayesi ilə tanınan Lausitsiya regionunda yerləşir. Hazırda yerli hakimiyyət orqanları təmiz enerji layihələrinə geniş dəstək göstərir, torpaq sahələri və infrastruktur təqdim edir.

Gələcəkdə ərazinin hibrid enerji stansiyasına çevrilməsi planlaşdırılır. Burada iki səviyyəli külək enerjisi qurğuları və yerüstü günəş parkı fəaliyyət göstərəcək. Bu modelin yalnız günəş enerjisi ilə müqayisədə enerji istehsalını beş dəfə artıracağı gözlənilir.

Köhnə elektrik şəbəkələri problem yaradır

Layihə Avropada getdikcə aktuallaşan başqa bir problemi də gündəmə gətirir – köhnəlmiş elektrik şəbəkələri bərpa olunan enerjinin sürətli artımına uyğunlaşa bilmir.

Almaniyada küləkli şimal-şərq bölgələrində istehsal olunan elektrik enerjisi bəzən yüksək tələbat olan cənub regionlarına ötürülə bilmədiyindən turbinlər məcburi şəkildə dayandırılır. Nəticədə boşluğu doldurmaq üçün fosil yanacaqlardan istifadə edilir və bu, həm qiymətlərin artmasına, həm də karbon emissiyalarının yüksəlməsinə səbəb olur.

Almaniyanın Tagesspiegel nəşrinin təhlilinə görə, təkcə 2023-cü ildə şəbəkə məhdudiyyətləri səbəbindən 9,3 teravat-saat külək enerjisi itirilib və bunun idarə olunması istehlakçılara təxminən 3 milyard avroya başa gəlib.

Almaniya külək enerjisində liderdir

Alman Külək Enerjisi Assosiasiyasının məlumatına əsasən, 2025-ci ilin sonuna Avropada quruda və dənizdə ümumilikdə 304 giqavat külək enerjisi gücü quraşdırılıb. Almaniya 77,7 giqavat güclə lider mövqedədir. Böyük Britaniyada bu göstərici 31,6 giqavat, İspaniyada isə 31,2 giqavat təşkil edir.

2025-ci ildə Almaniya 5 735 meqavat yeni külək enerjisi gücü əlavə edərək Avropada ən yüksək artımı qeydə alıb.

Federal Ətraf Mühit naziri Karsten Şnayder tərəfindən Bundestagda təqdim edilən İqlimin Mühafizəsi Proqramı-2026 çərçivəsində 2030-cu ilədək əlavə 25 milyon ton CO₂ emissiyasının azaldılması nəzərdə tutulur. Yeni planlara əsasən, əvvəlkindən 2 000 daha çox külək turbininin tikintisi üzrə tenderlər keçiriləcək və 2030-cu ilə qədər əlavə 12 giqavat külək enerjisi gücü şəbəkəyə qoşulacaq.



OXŞAR XƏBƏRLƏR