Avropa Komissiyası Gürcüstan və Avropanın enerji sistemlərini birləşdirəcək Qara dəniz sualtı kabel layihəsinə "qarşılıqlı maraq doğuran layihə" (PMI) statusu verib.
Avropa Komissiyasının açıqlamasına görə, bu status layihənin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi imkanlarını genişləndirir və onun həyata keçirilməsini sürətləndirmək üçün xüsusi icazə və tənzimləmə prosedurlarından istifadə hüququ verir.
Layihəyə əsasən, uzunluğu 1 155 kilometr olacaq kabel Gürcüstanı Rumıniya ilə birləşdirəcək. Bu xətt vasitəsilə Cənub-Şərqi Avropa ölkələri və Rumıniya genişlənmiş elektrik ixrac imkanlarından yararlana biləcək, həmçinin saatlıq elektrik enerjisi bazarı qiymətləri əsasında ticarət aparılacaq.
