Avropa İttifaqında (Aİ) günəş enerjisi ilk dəfə nüvə və külək enerjisini qabaqlayaraq ən böyük elektrik mənbəyinə çevrilib.
Enerji sahəsi üzrə “Ember” analitik mərkəzinin məlumatına görə, ötən ay Aİ ölkələrində elektrik enerjisinin 22,1 faizi günəş enerjisi vasitəsilə əldə olunub. Bir il öncə isə bu göstərici 18,9 faiz idi. Rekord səviyyədə günəş aktivliyi və günəş panellərinin sayının artırılması sayəsində elektrik enerjisi istehsalı 45,4 milyard kVts səviyyəsinə çatıb.
Günəş enerjisinin rekord göstəriciləri iyunun sonunda Avropa qitəsini əhatə edən anomal istiliyin yaratdığı artan elektrik tələbatının öhdəsindən gəlməyə imkan verib.
Qeyd edək ki, bu göstəriciyə görə günəş enerjisini nüvə enerjisi (21,8 faiz) və külək enerjisi (15,8 faiz) izləyir. Eyni zamanda, enerji istehsalında kömürün payı rekord səviyyədə aşağı düşüb - 6,1 faiz.
