Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Enerji Agentliyi (IEA) və "Energy Community" tərəfindən təşkil olunan “Bərpa Olunan Enerjinin İntegrasiyasının Sürətləndirilməsi: Şəbəkə çevikliyi və Aktiv İstehlakçılar” adlı regional seminarda iştirak edib.
Renewables.az-a bu barədə BOEMDA-dan məlumat verilib.
Tədbir bərpa olunan enerjinin bazara inteqrasiyası, çevikliyə tələbat və aktiv istehlakçıların rolunun gücləndirilməsi mövzularına həsr olunub. Seminarda çıxış edən Cəbrayıl Əliyev Azərbaycanın enerji keçidi prosesində əldə etdiyi nailiyyətlər və həyata keçirilən strateji layihələr barədə məlumat verib. O, ölkədə yaradılan yaşıl enerji zonalarının region üçün model rolunu oynadığını vurğulayıb, həmçinin dəyişkən bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üçün çevikliyin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində iştirakçılar bərpa olunan enerji bazarlarının inteqrasiyasını sürətləndirmək üçün müxtəlif ölkələrin təcrübələrini müzakirə ediblər.
