Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, biz yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Prezident İlham Əliyev deyib: "Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var".