Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 mlrd. 991 mln. kVts olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 672,7 milyon kVts və ya 10,6 % çoxdur.
Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 mlrd. 66 mln. kVts, su elektrik stansiyalarında (SES) 510,5 mln. kVts (-23,8 %), digər mənbələr üzrə isə 414,5 mln. kVts (+ 2,3 dəfə) elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə külək elektrik stansiyalarında 247,7 mln. kVts (+26,1 dəfə), günəş elektrik stansiyalarında (GES) 91,3 mln. kVts (-18,8 %) elektrik enerjisi istehsal edilib. Bu ilin ilk rübündə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 13,6 milyon kVts və ya 22 % çoxdur.
Bu ilin yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 mln. kVts artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln. kVts təşkil edib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 mlrd. 076,8 mln. kVts (İES-lərdə 5 mlrd. 558,6 mln. kVts, SES-lərdə 508,1 mln. kVts, GES-lərdə 10,1 mln. kVts), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 mln. kVts, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 mln. kVts təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 mln. kVts, idxalı isə 35,0 mln. kVts olub.
