Azərbaycanda regionun ən böyük batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya olunur

AZƏRBAYCAN
ENERJİ SAXLANC SİSTEMİ

image

Azərbaycanda gücü təxminən 250 meqavat, saxlama həcmi isə 500 meqavat/saat olan batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya edilir.

Renewables.az “Report”a istinadla xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev 30-cu Yubiley Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, Cənubi Qafqaz regionu üzrə bu miqyasda ilk belə layihədir.

Y. Qarayev vurğulayıb ki, akkumulyator batareyası tipli saxlanc sistemləri bərpa olunan enerji mənbələrinin effektiv və təhlükəsiz şəkildə idarə olunması üçün əsas şərtlərdən biridir:

“Bərpa olunan enerjini enerji sisteminə inteqrasiya edib onu təhlükəsiz şəkildə idarə etmək üçün iki əsas amil vacibdir. Birincisi, enerji sisteminin qonşu ölkələrin enerji sistemləri ilə güclü inteqrasiyası və rabitəsinin olmasıdır. Belə olduqda, saxlanc sistemlərinə ehtiyac azalır. Lakin Azərbaycanın enerji sistemi bu baxımdan məhdud imkanlara malikdir. Bu səbəbdən, ölkə üzrə 2 giqavatlıq bərpa olunan enerji gücünün idarə olunması məqsədilə gücü 250 meqavat, saxlama həcmi 500 meqavat/saat olan batareya saxlanc sistemləri enerji sisteminə inteqrasiya edilir”, - deyə Y. Qarayev bildirib.

O əlavə edib ki, bu sistemin 2025-ci ilin sonunadək şəbəkəyə qoşulması nəzərdə tutulur.

“Belə böyük həcmdə enerji saxlanc sistemi indiyədək nə Cənubi Qafqaz ölkələrində, nə də Türkiyə və Rusiyanın enerji şəbəkələrində tətbiq olunmayıb. Bu layihə regionda ilk və ən iri həcmli enerji saxlanc sistemi olacaq”, - deyə “AzərEnerji” ASC-nin rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 2025-ci ildə Azərbaycanın (Naxçıvan Muxtar Respublikasının enerji sistemi daxil olmaqla) ümumi enerji sisteminin qoyuluş gücü 2 676 MVt artırılaraq 6 300 MVt-dan 8 976 MVt-a yüksəlib: "Bu artım fonunda bərpa olunan enerji mənbələrinin (BOEM) enerjisistemdəki payı da 2,5 faiz bəndi artaraq 4,2 %-ə çatdırılıb. Hazırda Azərbaycanın enerji sistemi üzrə qoyuluş gücünün strukturunda bu nisbətlərdə qeydə alınıb: İstilik Elektrik Stansiyaları – 7 199,5 MVt (ümumi qoyuluş gücünün 80,2 %-i), Su Elektrik Stansiyaları (KSES-lər daxil olmaqla) – 1 397,4 MVt (15,6 %), Günəş Elektrik Stansiyaları – 279 MVt (3,1 %), Külək Elektrik Stansiyaları – 55,6 MVt (0,61 %), Hibrid Elektrik Stansiyaları – 7,5 MVt (0,008 %), Biokütlə Enerjisi – 37 MVt (0,41 %)".

Y.Qarayev deyib ki, ümumilikdə, BOEM-lərin enerji sistemdəki payı 379,1 MVt ilə 4,2 % təşkil edir: "Bu dinamika Azərbaycan enerji sektorunun şaxələndirilməsi, təbii resurslardan səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq, karbon emissiyalarını minimuma endirmək və enerji sisteminə bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyasını sürətləndirmək məqsədilə "yaşıl enerji" transformasiyasını intensiv şəkildə davam etdirir:

“2023-cü il oktyabrın 26-da gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyası (GES) şəbəkəyə qoşulub. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ümumi gücü 270 MVt olan bir sıra Kiçik Su Elektrik Stansiyaları (KSES) istismara verilib”.

Y. Qarayev əlavə edib ki, hazırda tikintisi davam edən və növbəti illərdə şəbəkəyə qoşulacaq bir sıra mühüm layihələr də mövcuddur: "BP şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə GES-in 2025-ci ilin ikinci yarısında şəbəkəyə qoşulması nəzərdə tutulur. "ACWA Power" şirkətinin həyata keçirdiyi 240 MVt gücündə Külək Elektrik Stansiyası (KES) 2025-ci ilin birinci yarısında istismara veriləcək. “Masdar” şirkəti tərəfindən həyata keçirilən MEQA layihə çərçivəsində ümumi gücü 1 QVt olan 2 günəş və 1 külək elektrik stansiyası 2026-cı ilin birinci yarısından etibarən şəbəkəyə qoşulacaq”.

O bildirib ki, bu il iki 125 MVt/250 MVtsaatlıq enerji yığım sistemi (BESS) – ümumilikdə 260 MVt/500 MVtsaat – şəbəkəyə inteqrasiya ediləcək: “Enerso Cəbrayıl” MMC və “Clean Energy Cəbrayıl” MMC tərəfindən inşa ediləcək 50+50 MVt-lıq GES-lərin 2027-ci ildə şəbəkəyə qoşulması planlaşdırılır".

O çıxışı zamanı bərpa olunan enerji sahəsində perspektiv layihələrdən də bəhs edib: "BOEM üzrə hərrac layihəsi çərçivəsində 100 MVt gücündə GES-in 2026-cı ildə şəbəkəyə qoşulması nəzərdə tutulur. Çin şirkəti “China Gezhouba” tərəfindən Füzuli rayonunda inşa ediləcək 160 MVt-lıq GES-in 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında KSES-lərin ümumi gücünün 471 MVt-a qədər artırılması gözlənilir”.

Y. Qarayev qeyd edib ki, bu layihələr Azərbaycanın təbii resurslarından səmərəli istifadəsinə, “yaşıl enerji”yə keçidin sürətləndirilməsinə və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək.



OXŞAR XƏBƏRLƏR