İyunun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 3-4 iyun tarixində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunun “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: gələcəyin enerji təchizatı” mövzusunda plenar müzakirələrində iştirak edib.
Renewables.az-a bu barədə EMTA-dan bildirilib.
Samir Axundov təqdimatla çıxış edərək elektroenergetika sektorunda yaşıl enerjiyə keçid ilə bağlı mövcud çağırışlar, qlobal trendlər və gələcəyin enerji infrastrukturu barədə ətraflı məlumatı forum iştirakçılarının diqqətinə çatdırıb. O, çıxışında ölkəmizin enerji sistemi, o cümlədən qoyuluş gücləri, elektrik enerjisinin ötürülməsi infrastrukturu, enerji ixracı xətləri, qarşıya qoyulmuş hədəflər, həmçinin böyük həcmdə yaşıl enerjinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar batareya enerji saxlanc sistemlərinin tətbiqinin zəruriliyi və bu çərçivədə görülən işlər, eyni zamanda Enerji effektivliyi fondu haqqında danışıb və forum iştirakçılarının suallarını cavablandırıb.
S. Axundov qeyd edib ki, ən kiçik layihələr üzrə kredit məbləği 1 000 manatdan başlayacaq və 50 000 manata qədər olacaq. Orta ölçülü layihələr üçün bu rəqəm 50 000 manatdan 1 milyon manatadək, böyük layihələr üçün isə 1 milyon manatdan 10 milyon manatadək dəyişəcək.
“Ən kiçik layihələrlə bağlı məbləğ 1 000 manatdır. Bu, başlanğıc nöqtəsidir”, – deyə o bildirib.
Ən böyük layihəyə gəlincə, S. Axundov qeyd edib ki, bu, 10 milyon manat olacaq: “10 milyon manat məbləği bizim üçün maksimumdur. Onunla bağlı güzəşt müddəti 24 aydır. Digər layihələrə baxdıqda, bu, daha aşağıdır. Biz bunu müştəriyə öz layihəsini qurmağa və ondan istifadə etməyə başlamağa imkan vermək məqsədi ilə edirik”.
O düşünür ki, 24 ay güzəşt müddəti kimi çox yaxşıdır. Agentlik rəhbəri verilən kreditin faiz dərəcəsinin hələ müəyyənləşdirilmədiyini deyib.
Qeyd edək ki, 2-4 iyun tarixlərində keçirilən Bakı Enerji Həftəsinin tərkib hissəsi olan Bakı Enerji Forumu bu il 30 illik yubileyini qeyd edir. Forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir.
