"AzərEnerji" və "Azərişıq" WUF13 çərçivəsində enerji sektoruna dair nəşrlər təqdim edib

AZƏRBAYCAN

image

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən “AzərEnerji” və “Azərişıq” ASC-lər Azərbaycanın müasir enerji infrastrukturu, dayanıqlı inkişaf strategiyası və enerji sistemində həyata keçirilən rəqəmsal transformasiya layihələrini təqdim edirlər.

AZƏRTAC xəbər verir ki, WUF13 çərçivəsində keçirilən təqdimat tədbirində “AzərEnerji” ASC tərəfindən hazırlanmış “Azərbaycan enerji sisteminin arxitekturası” və “Azərişıq” ASC-nin ərsəyə gətirdiyi “Şəbəkə memarlığı” kitabları ictimaiyyətə təqdim olunub.

Bildirilib ki, nəşrlərdə Azərbaycanın enerji sisteminin inkişaf mərhələləri, ölkədə həyata keçirilən genişmiqyaslı enerji layihələri, müasir idarəetmə mexanizmləri, innovativ texnoloji həllər və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər ətraflı şəkildə əksini tapıb. Kitablarda, eyni zamanda, dayanıqlı şəhər inkişafı konsepsiyası çərçivəsində enerji səmərəliliyi, yaşıl enerjiyə keçid, rəqəmsallaşma və ağıllı şəbəkə idarəetmə sistemləri ilə bağlı məlumatlara da yer verilib.

Təqdimat zamanı vurğulanıb ki, Azərbaycanın enerji infrastrukturu son illərdə müasir çağırışlara uyğun şəkildə yenilənir, işğaldan azad olunmuş ərazilərdə ən yeni texnologiyalara əsaslanan enerji layihələri həyata keçirilir. Bu istiqamətdə görülən işlər həm ölkənin enerji dayanıqlığını gücləndirir, həm də regionda innovativ enerji həllərinin tətbiqinə töhfə verir.

Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli “Xankəndi” və “Ağ şəhər” yarımstansiyalarının maketləri, eləcə də enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən müxtəlif texnoloji stendlər təqdim olunub. Maketlərdə müasir yarımstansiyaların texniki xüsusiyyətləri, idarəetmə imkanları və ekoloji üstünlükləri nümayiş etdirilib.

Sərgidə nümayiş olunan layihələr forum iştirakçıları, beynəlxalq təşkilatların nümayəndələri və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilər Azərbaycanın enerji sahəsində həyata keçirdiyi innovativ layihələr və dayanıqlı inkişaf istiqamətində atdığı addımlar barədə ətraflı məlumat əldə ediblər.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR