Konsepsiya Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə, 2020-ci ilin may ayında Energetika Nazirliyi ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən hazırlanıb. Qeyd edilən tədbirlərin həyata keçirilməsi, Azərbaycanın yaşıl enerji ölkəsi kimi dünya ölkələri arasında öz yerini tutmasına imkan verəcək. Yaşıl enerji sahəsinin inkişafı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər''dən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə qarşıya qoyulmuş hədəflərə də öz töhfəsini verəcəkdir.
Planın enerji təchizatı infrastrukturunun qurulması bölməsinə əsasən, elektrik enerjisi təchizatı məqsədilə ötürücü və paylayıcı şəbəkə qurulacaq. Bunun üçün elektrik veriliş xətlərinin (EVX) çəkilməsi və yarımstansiyaların (YS) tikintisi nəzərdə tutulur.
Bundan əlavə, Cəbrayılda Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi (Cəbrayıl Enerji Qovşağı layihəsi) yaradılacaq. "Xudafərin" və "Qız Qalası" Su Elektrik Stansiyalarının (SES) Cəbrayıl YS-na inteqrasiyası, Cəbrayıl Enerji Qovşağı vasitəsilə istehsal olunan elektrik enerjisinin Türkiyəyə və Avropaya ixracı nəzərdə tutulur. Bundan başqa bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə inteqrasiyası üzrə tədbirlər də həyata keçiriləcək.
Tədbirlər Planına əsasən, 2022-2024-cü illərdə azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələri və hidroenerji potensialı ölçüləcək, istismarı nəzərdə tutulan SES-lərin gücü qiymətləndiriləcək. Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyası tikiləcək. Bunun üçün ilkin olaraq bp ilə danışıqlar davam edəcək (bu ayın əvvəli şirkətlə stansiyanın tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsinə əlavə imzalanıb). Aralıq dövrdə müqavilənin imzalanması, yekun olaraq stansiyanın tikintisi həyata keçiriləcək (2026-cı ildə). Qarşıdakı illər ərzində "Xudafərin" və "Qız Qalası" SES-lərin tikintisi davam etdiriləcək, SES-lərin 2025-ci ilə qədər istismara verilməsi planlaşdırılır. 140 MVt gücündəki stansiyalardan 358 milyon kVt-saat elektrik enerjisinin istehsal ediləcəyi nəzərdə tutulur. Laçın-Kəlbəcər rayonlarında 400 MVt gücündə külək elektrik stansiyası tikiləcək (2026-cı ilə qədər).
Sənədə görə, hidroenerji potensialından istifadə istiqamətində dağıdılmış kiçik Su Elektrik Stansiyalarının (KSES) bərpasına özəl investisiyanın cəlb edilməsi nəzərdə tutulur.
Həmçinin gələn ildən başlayaraq bioenerji və geotermal enerji potensialından istifadə istiqamətində müvafiq təhlillər aparılacaq və layihələr həyata keçiriləcək.
Tədbirlər Planında enerji səmərəliliyinin təmin edilməsi üzrə də müvafiq işlərin görülməsi müəyyən edilib.
Bundan əlavə, gələn ilə qədər damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblərin müəyyən edilməsi, razılaşdırılması və təsdiqi sənəddə əksini tapıb. Küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin də müəyyən edilməsi və təsdiqi sənədin yaşıl texnologiyaların tətbiqi bölməsində qeyd olunub.
Həmçinin azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələr həyata keçiriləcək, istehsal və xidmət sahələri, həmçinin Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq.
Plana əsasən, dövlət-özəl tərəfdaşlığı modeli əsasında həyata keçirilə biləcək müvafiq layihələr müəyyən edilərək həyata keçiriləcək. Sənədin sonuncu bölməsində isə Tarif tənzimlənməsi təkliflərinin hazırlanması və təsdiq edilməsi məsələsi qeyd olunub.
Stansiyaların inşası, prioritet vəzifə olaraq irəli sürülmüş bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, o cümlədən 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması və Paris Sazişi çərçivəsində 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azalması hədəflərinə çatdıracaq.
Beləliklə, 30 % bərpa olunan enerji gücünə çatmaq üçün 1 500 MVt gücün demək olar ki, 1 250 MVt-ı ("Şəfəq" GES 240 MVt, "Xudafərin" və "Qız Qalası" SES 140 MVt, Laçın-Kəlbəcər külək layihəsi 400 MVt, "Qaradağ" GES 230 MVt, "Xızı-Abşeron" KES 240 MVt) təmin edilib. Əlavə olaraq SES və KSES-lərin də bərpasını da nəzərə alsaq hədəfə çatmaq üçün görüləcək işlər tamamlanmaq üzrədir. Qeyd etmək yerinə düşər ki, "Masdar" şirkəti ilə 1 QVt gücündə külək, 1 QVt gücündə günəş və 2 QVt gücündə dənizdə külək və hidrogen enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı müqavilələr imzalanıb ki, bu da əlavə olaraq 4 000 MVt güc deməkdir. Qeyd edildiyi kimi, 2030-cu ilə qədər bərpa olunan güc 30 %-dən daha çox ola bilər və ya bu hədəfə daha tez çatmaq mümkün görünür.
Cavid Babayev