Azərbaycan və Britaniya şirkətləri Xəzərdə yaşıl enerji layihələri ilə bağlı müqavilələr imzalayıb

7 oktyabr 2026, 12:40 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

Azərbaycanın "Green Line Shipping" şirkəti Böyük Britaniyanın "Xlinks Limited" və "Interocean Marine Services" şirkətləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.

Renewables.az "Green Line Shipping" şirkətinin məlumatına istinadən xəbər verir ki, sənədlər Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində imzalanıb.

"Green Line Shipping" və "Xlinks" arasında imzalanan Anlaşma Memorandumu dəniz xidmətləri, sualtı kabel sistemləri, o cümlədən yüksək gərginlikli sabit cərəyan (HVDC) interkonnektorları və Xəzər regionunda bərpa olunan enerjinin inkişafını dəstəkləyən infrastruktur üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Digər saziş isə "Green Line Shipping" və "Interocean Marine Services" arasında qeyri-səhmdar əməkdaşlıq və birgə müəssisə çərçivə sazişidir. Əməkdaşlıq mühəndislik, dəniz əməliyyatlarının təminatı, inspeksiya, tədqiqat və dənizdə layihələrə dəstək xidmətlərini əhatə edəcək. Tərəflər neft-qaz sektoru ilə yanaşı, dəniz külək enerjisi və sualtı elektrik kabelləri də daxil olmaqla bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq imkanlarını inkişaf etdirməyi planlaşdırırlar.

Sənədləri "Green Line Shipping" şirkətinin baş icraçı direktoru Renat Rzayev, "Xlinks"in baş icraçı direktoru Ceyms Hamfri və "Interocean Marine Services"in nümayəndəsi imzalayıblar.

Sazişlərin Xəzər regionunda bərpa olunan enerji layihələrinin və sərhədlərarası təmiz elektrik enerjisi ötürülməsi infrastrukturunun inkişafına töhfə verməsi gözlənilir.

Sənədlərin imzalanması Azərbaycan və Böyük Britaniya arasında enerji və dəniz sənayesi sahələrində biznes əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Renewables.az