Azərbaycan və Özbəkistan energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalayıb

17 sentyabr 2026, 17:02 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Energetika Nazirliyi

Energetika naziri Pərviz Şahbazov ilə Özbəkistanın energetika naziri Şerzod Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin liderliyi ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidentinin bu ilin avqustunda Özbəkistana dövlət səfərinin iki ölkə arasında münasibətlərə, o cümlədən enerji əməkdaşlığına yeni təkan verdiyi vurğulanıb. Dövlət başçılarının müəyyən etdiyi hədəflərin həyata keçirilməsində energetika sahəsində birgə layihələrin və qarşılıqlı investisiyaların mühüm rolu qeyd edilib.

Neft-qaz və elektroenergetika, bərpa olunan enerji, enerji səmərəliliyi və tənzimləmə, qarşılıqlı investisiyalar, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin strateji əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi məqsədilə Qara dəniz, həmçinin Türkiyə istiqamətində inkişaf etdirdiyi enerji bağlantılarının Mərkəzi Asiyadan Avropaya uzanan daha geniş yaşıl enerji marşrutunun formalaşmasına imkan yaratdığı bildirilib.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2026-2028-ci illər üzrə energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. Sənəddə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi, neft-qaz sektorunda geoloji-kəşfiyyat və hasilat üzrə əməkdaşlıq, neft və neft məhsullarının tədarükü, emal sahəsində birgə layihələrin inkişafı, SOCAR-ın Özbəkistanda fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Yol Xəritəsi, həmçinin enerji səmərəliliyi və istilik energetikası sahələrində təcrübə və bilik mübadiləsinin gücləndirilməsini əhatə edir.

Renewables.az