Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi və (IRENA) və Beynəlxalq Əmək Təşkilatı (ILO) tərəfindən yayımlanan “Renewable Energy and Jobs: Annual Review 2025” hesabatına əsasən, dünyada bərpa olunan enerji sahəsində çalışanların sayı 16,6 milyon nəfərə çatıb. Bununla belə, sektor üzrə işçi qüvvəsinin yalnız təxminən 32 faizini qadınlar təşkil edir.
Hesabat göstərir ki, bərpa olunan enerji sənayesi digər enerji sektorları ilə müqayisədə qadınlar üçün daha açıq olsa da, onların iştirakı əsasən inzibati və dəstək vəzifələrində cəmləşir. Texniki və qərarvermə səviyyəsində qadınların payı hələ də aşağıdır.
Məlumatlara görə, qadınların sektor üzrə təmsilçiliyi vəzifələrə görə fərqlənir:
-
Administrativ və dəstək funksiyaları: təxminən 45 %;
-
Elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələri: təxminən 28 %;
-
Texniki və peşə ixtisasları: təxminən 22 %;
-
Rəhbər və idarəetmə vəzifələri: təxminən 19 %.
Ekspertlər qeyd edirlər ki, qlobal enerji transformasiyası yalnız texnoloji deyil, həm də sosial dəyişiklik tələb edir. Bu baxımdan qadınların enerji sektorunda, xüsusilə texniki və liderlik mövqelərində iştirakının artırılması mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı qadınlar üçün yeni iş imkanları yaradır və gündən-günə bu sahədə çalışan qadınların sayı artmaqda davam edir.
