Birləşmiş Krallığın dəniz ərazilərinə sahib olan Kral III Çarlzın nəzdindəki “Crown Estate” Əmlak Fondu ölkənin dənizdə külək sənayesinə 400 milyon funt sterlinqədək (təxminən 543 milyon ABŞ dolları) sərmayə yatıracağını açıqlayıb.
Renewables.az “Reuters”ə istinadla xəbər verir ki, sərmayənin məqsədi dənizdə külək enerjisi infrastrukturunun genişləndirilməsi üçün limanların, istehsal zənciri obyektlərinin, eləcə də tədqiqat və sınaq müəssisələrinin tikintisini dəstəkləməkdir. Qurumun məlumatında bildirilir ki, Birləşmiş Krallıqda dəniz küləyi potensialının tam reallaşması üçün təchizat zəncirinin gücləndirilməsinə ciddi ehtiyac var.
Maliyyələşmə iki əsas proqram vasitəsilə həyata keçiriləcək. Onlardan biri 350 milyon funt sterlinqlik təchizat zənciri investisiya proqramıdır və yeni infrastrukturunun tikintisinə yönələcək. Digər proqram isə erkən mərhələli layihələrin inkişafını dəstəkləmək məqsədi daşıyır.
Qeyd edək ki, Birləşmiş Krallıq 2030-cu ilə qədər elektrik enerjisi sektorunu tamamilə dekarbonizasiya etməyi və bərpa olunan enerji mənbələrinin, xüsusilə dənizdə külək enerjisinin payını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.