Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova cari ilin 10-13 iyun tarixlərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən Almaniyanın Bonn şəhərində keçirilən “IRENA İnnovasiya Həftəsi - 2025” tədbirinin açılış sessiyasında iştirak edib.
Renewables.az-a bu barədə BOEMDA-dan məlumat verilib.
R.Hümbətova İnnovasiya Həftəsi çərçivəsində 10 iyun tarixində Almaniyanın Mayns şəhərində IRENA və “Kraftwerke Mainz Wiesbaden AG” KMW şirkəti ilə birgə təşkil edilmiş “Məlumat mərkəzi və şəhərlər üçün dayanıqlı enerji həlləri” mövzusunda sahə səfərində iştirak edib və tikinti mərhələsində olan məlumat mərkəzi ilə tanış olub. Məlumat mərkəzinin enerji təminatı 100 % bərpa olunan enerji hesabına planlaşdırılır və mərkəzinin fəaliyyəti nəticəsində yaranacaq istilik enerjisinin (waste heat) Mayns şəhərində yerləşən yaşayış binaların isidilməsində istifadə olması nəzərdə tutulub.
Tədbirin açılış mərasimi 11 iyun tarixində IRENA-nın Baş direktoru F. La Kamera tərəfindən edilib. Daha sonra enerji planlaşdırılması baxımdan ən önəmli hesab edilən “Gələcək plan: tələb və ssenarilər” sessiyasında iştirak edilib və Stokholm Ətraf-mühit İnstitutu tərəfindən enerji tələbatının proqnozlaşdırılmasına dair innovativ metodoloji yanaşmalar barədə məlumatlar dinlənilib.
IRENA İnnovasiya Həftəsi çərçivəsində bərpa olunan enerji gücünün üç qat artırılmasına dair innovativ texnologiyaların tətbiqi üçün təchizat zəncirlərinin təmin edilməsi, enerji məhsuldarlığının artırılması və yerli dəyər zəncirlərinin yaradılması, həmçinin ölkələrin prioritetlərinə uyğun olaraq davamlı iqtisadi artımda bioenerjinin roluna dair tədqiqatların və rəqəmsallaşmanın tətbiqi üzrə müzakirələrin aparılıb.