Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) və Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
BOEMDA-nın məlumatına görə, tədbirdə ilk öncə Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev və Dövlət qulluğu, hüquq və sənədlərlə iş şöbəsinin müdiri Aygün Əliyeva tərəfindən bərpa olunan enerji mənbələri, xüsusilə külək və günəş enerjisi haqqında nəzəri biliklər, ölkəmizdə bu sahədə həyata keçirilən layihələr və görülən işlərlə bağlı məlumat verilib. Həmçinin BOEMDA-da gendər bərabərliyinin qorunması, qızların və gənclərin bilik və bacarıqlarının artırılmasına, onların ideyalarının reallaşdırılmasına və cəmiyyətdə fəal mövqe tutmalarına şərait yaradılması diqqətə çatdırılıb.
Daha sonra çıxış edən “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova ilk öncə tədbirin keçirilməsində dəstəyə görə BOEMDA-nın rəhbərliyinə öz dərin təşəkkürünü bildirərək, bu kimi tədbirlərinin gələcəkdə də keçirilməsinin tələbələrin maariflənməsi baxımından məqsədəuyğun olmasını bildirib. Eyni zamanda, sədr tərəfindən birliyin fəaliyyəti və həyata keçiridiyi layihələrlə bağlı məlumat verilib.
Sonda görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
