Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib.
Nazirliyin aparat rəhbərinin müavini, Texniki Komitənin sədri Xalidə Məsimovanın rəhbərliyi ilə keçirilmiş iclasda standartlaşdırma sahəsində həyata keçirilən tədbirlər, enerji səmərəliliyinin artırılması və enerji idarəetməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun normativ sənədlərin tətbiqi məsələləri müzakirə edilib.
AZS ISO 50002:2025 - Enerji auditləri - İstifadəyə dair təlimatla birlikdə tələblər”, “AZS ISO 50006:2025 - Enerji menecmenti sistemləri - Enerji performans göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji performansını qiymətləndirilməsi” və “AZS ISO 50010:2025 - Əməliyyatlarda sıfır enerji hədəfinə çatmaq üçün ISO 50001 enerji idarəetmə sistemi istifadə edərək enerji idarəetməsi və enerji qənaəti - Rəhbərlik" standartlarının layihələrinin yekun variantları müzakirə olunub.
Təqdim edilən standartların məzmunu, tətbiq mexanizmləri və enerji idarəetməsi sahəsində istifadəsinin üstünlükləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, beynəlxalq ISO standartlarının milli səviyyədə tətbiqi enerji auditlərinin keyfiyyətinin yüksəldilməsinə, müəssisələrdə enerji performansının dəqiq qiymətləndirilməsinə və enerji səmərəliliyi hədəflərinə nail olunmasına mühüm töhfə verəcəkdir.
Sonda müzakirə olunan məqamlara dair rəylər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi və təsdiq üçün təqdim olunması qərara alınıb.



