Energetika naziri: "Azərbaycan həm ənənəvi enerji resurslarını, həm də bərpa olunan enerji potensialını paralel şəkildə inkişaf etdirir"

AZƏRBAYCAN

image

Azərbaycan həm ənənəvi enerji resurslarını, həm də bərpa olunan enerji potensialını paralel şəkildə inkişaf etdirir.

Energetika Nazirliyinin məlumatına görə, bunu nazir Pərviz Şahbazov 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal Enerji Xəritəsinin Yenidən Cızılması: Təhlükəsizlik və Qeyri-müəyyənlik” mövzusunda keçirilən nazirlər panelində çıxışında deyib.

Energetika naziri bildirib ki, Azərbaycanda 8 QVt-dək bərpa olunan enerji gücünün yaradılması nəzərdə tutulur. Bunun 2 QVt-ı 2027-ci ilə qədər daxili enerji sisteminə inteqrasiya ediləcək, qalan hissəsi isə mərhələli şəkildə inkişaf etdirilərək ixrac olunacaq. Qeyd edilib ki, Azərbaycan Türkiyə vasitəsilə Avropa ilə enerji əlaqələrini gücləndirir, eyni zamanda Qazaxıstan və Özbəkistanla birlikdə Asiya ilə Avropa arasında elektrik enerjisi üzrə interkonnektor layihələrini həyata keçirir. Bu layihələr istehsal və istehlak mərkəzlərini birləşdirərək enerji təhlükəsizliyi və təchizatın əlçatanlığını artıracaq.

Qeyd edək ki, panel müzakirələrdə Azərbaycanın energetika naziri ilə yanaşı, Türkiyənin energetika naziri Alparslan Bayraktar, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera iştirak edib.



OXŞAR XƏBƏRLƏR