Cəbrayıl rayonunun Şahvəlli kəndində tikiləcək “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilk dəfə B2B modeli əsasında icra olunur.
Stansiya 93 ha ərazidə yerləşəcək. 50 MVt gücündə olan stansiyanın illik istehsal həcmi 110 milyon kVts təşkil edəcək.
Layihənin maliyyələşdirilməsinə yerli maliyyə institutları cəlb olunacaq. Layihənin icrasında yüksək ixtisaslı yerli mühəndislər və yerli inşaat şirkəti iştirak edir.
Tikinti mərhələsində 300-dən çox işçi çalışacaq. Stansiya istismara verildikdən sonra 50 nəfər daimi çalışacaq.
Layihəni Nobel Energy-nin bərpa olunan enerji üzrə törəməsi “enerso” şirkətinin yerli törəməsi “Enerso Cəbrayıl” MMC həyata keçirilir.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə investisiya müqaviləsi bağlayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub. Stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
