Türkiyə və Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün önəmlidir və onların yolunu izləyərək uğur qazanacağımıza inanırıq.
Renewables.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu “Report”a müsahibəsində deyib.
"Hazırda 594 meqavatlıq enerji bazamız var və bunun 120 meqavatı günəş enerjisindən təmin olunur. Adanın coğrafi mövqeyi - ildə 333 günəşli gün və 2 400 saatlıq günəş potensialı - bizə böyük üstünlük verir. “Yaşıl enerji keçidi” bizim əsas prioritetimizdir. Türkiyə artıq ümumi enerji istehsalının 55 %-indən çoxunu bərpa olunan enerji hesabına təmin edir, Azərbaycanın bu sahədə uğurlarını da yaxından izləyirik. Məqsədimiz 2030-cu ilə qədər tamamilə “yaşıl enerji” əsaslı ada modeli yaratmaqdır. Türkiyə və Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün önəmlidir və onların yolunu izləyərək uğur qazanacağımıza inanırıq. Azərbaycanda “yaşıl enerji” üzrə zəngin təcrübə və informasiya bazası mövcuddur və biz bu təcrübəni yaxından izləyirik. Gələcəkdə təşkilati görüşlərdə, xüsusilə Türk Enerji Təşkilatı çərçivəsində nazirlərin görüşlərində bu mövzunu ön plana çıxaracağıq. Eyni zamanda, ölkəmizin bu strukturdakı mövqeyini daha da möhkəmləndirmək üçün konkret addımlar atmağa hazırıq", - Amcaoğlu müsahibəsində deyib.