Çin şirkətləri quraşdırılmış külək turbinlərinin gücünə görə ilk beşlikdədir – HESABAT

DÜNYA
KÜLƏK
HESABATLAR

image

Qlobal külək enerjisi bazarı 2025-ci ildə sürətli inkişaf mərhələsini davam etdirib. Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council – GWEC) açıqladığı "Global Wind Market Development Supply Side Data Report" hesabatına əsasən, artan enerji tələbatı fonunda həm quraşdırmaların həcmi, həm də istehsalçıların bazar mövqeyi əhəmiyyətli dərəcədə güclənib.

Hesabat göstərir ki, ötən il dünyada 23 istehsalçı tərəfindən 28 395 külək turbini quraşdırılıb və bu göstərici əvvəlki illə müqayisədə 23 % artım deməkdir. 2025-ci ildə mexaniki olaraq quraşdırılmış ümumi külək enerjisi gücü 178 GVt-a çatıb ki, bu da illik müqayisədə 40 % artım hesab olunur. Quraşdırılmış gücün 165 GVt-ı artıq elektrik şəbəkəsinə qoşulub, 13 GVt-ı isə istismara verilmə mərhələsindədir.

Hazırda külək enerjisi qlobal elektrik istehlakının təxminən 9,5 %-ni təmin edir və GWEC sənayenin qarşıdakı illərdə daha da genişlənəcəyini proqnozlaşdırır.

100 GVt həddini keçən istehsalçılar

2025-ci ilin sonunda 5 aparıcı külək turbini istehsalçısı ümumi quraşdırılmış gücdə 100 GVt həddini aşaraq sənayedə yeni mərhələ formalaşdırıb:

  • "Vestas" (Danimarka) – 201 GVt-dan çox;
  • "Goldwind" (Çin) – 163 GVt;
  • "Siemens Gamesa" (İspaniya / Almaniya) – 148 GVt;
  • "GE Vernova" (ABŞ) – 125 GVt;
  • "Envision Energy" (Çin) – 103 GVt.

GWEC-in qiymətləndirməsinə görə, bu göstəricilər külək enerjisinin enerji təhlükəsizliyi və yerli bərpa olunan enerji istehsalında strateji rolunun gücləndiyini nümayiş etdirir.

2025-ci ilin bazar liderləri

İl ərzində quraşdırılmış gücə görə "TOP 5-lik" tam şəkildə Çin şirkətlərindən ibarət olub:

  • "Goldwind" – 29,7 GVt;
  • "Envision Energy" – 21,8 GVt;
  • "Windey Energy Technology" – 19,8 GVt;
  • "Mingyang Smart Energy" – 18,6 GVt;
  • "SANY Renewable Energy" – 15,1 GVt.

Çin xaricində isə quraşdırmalara əsasən aşağıdakı istehsalçılar lider olub:

  • "Vestas" (Danimarka) – 12,9 GVt;
  • "Nordex Group" (Almaniya) – 7,7 GVt;
  • "GE Vernova" (ABŞ) – 5,8 GVt;
  • "Siemens Gamesa" (İspaniya / Almaniya) – 5,4 GVt;
  • "Envision Energy" (Çin) – 4,2 GVt.

Regional inkişaf dinamikası

2025-ci ildə Çin qlobal külək bazarının əsas hərəkətverici qüvvəsi olaraq qalaraq ümumi quraşdırmaların 67 %-ni təşkil edib. Ölkədə 130 GVt-dan artıq yeni güc mexaniki quraşdırılıb və yerli istehsalçılar bazarın demək olar ki, hamısına nəzarət edib.

Avropada 3 504 turbin quraşdırılıb və region qlobal bazarın 12,3 %-ni formalaşdırıb. Avropa bazarında Danimarka, Almaniya və İspaniya istehsalçıları dominant mövqelərini qoruyub, o cümlədən "Enercon" (Almaniya) əsas oyunçulardan biri olaraq qalıb.

ABŞ bazarında isə 2 289 yeni turbin quraşdırılıb və bazarın böyük hissəsi "GE Vernova" və "Vestas" tərəfindən təmin olunub.

Texnoloji tendensiyalar

Hesabat həmçinin külək turbinlərinin ölçülərinin böyüməyə davam etdiyini göstərir. 2025-ci ildə:

  • quruda quraşdırılan turbinlərin orta gücü 6,16 MVt,
  • dənizdə quraşdırılan turbinlərin orta gücü isə 10,3 MVt olub.

Hibrid ötürücü texnologiyaların bazar payı 37 %-ə yüksəlib, ötürücülü sistemlər isə qlobal bazarın 95,6 %-ni təşkil edib.

GWEC qeyd edir ki, sənayenin inkişaf tempini daha da artırmaq üçün hökumətlərin icazə prosedurlarını sürətləndirməsi, investisiya maneələrini azaltması və elektrik şəbəkələrinin genişləndirilməsinə prioritet verməsi həlledici əhəmiyyət daşıyır.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR