IRENA: Bərpa olunan enerji sektorunda qadınların payı 32 faizdir

DÜNYA
HESABATLAR

image

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) yeni hesabatına görə, bərpa olunan enerji sektorunda tam ştatla çalışan işçilərin 32 faizini qadınlar təşkil edir.

Bu göstərici digər enerji sahələri ilə müqayisədə daha yüksək olsa da, 2019-cu ildə aparılan ilk gender təhlilindən bəri dəyişməyib. Bu isə qadınların təmsilçiliyində əhəmiyyətli irəliləyişin olmadığını göstərir.

Hesabatın ikinci buraxılışı – “Bərpa Olunan Enerji: Gender Baxışı” – qadınların bu sahədə iştirakına və qarşılaşdıqları maneələrə dair indiyədək aparılmış ən əhatəli qiymətləndirməni təqdim edir.

Sənəddə gender bərabərliyinin təmin edilməsi üçün daha güclü tədbirlərin görülməsi çağırışı edilir. Bildirilir ki, bərabərliyin artırılmaması halında qlobal enerji keçidi nə ədalətli, nə də davamlı olacaq, həmçinin işçi çatışmazlığı və müxtəlif baxış bucaqlarının azlığı kimi problemlərlə üzləşə bilər.

Məlumatlara əsasən, ən geniş gender fərqi rəhbərlik səviyyəsində müşahidə olunur — qadınlar rəhbər vəzifələrin cəmi 19 faizini tutur.

Qadınların idarəetmə və inzibati vəzifələrdə payı 45 faiz olsa da, onların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində iştirakı 28 faizə düşür.

Ən aşağı göstərici isə texniki peşələrdə – quraşdırıcılar, maşın operatorları, elektrikçilər və tikinti işçiləri arasında qeydə alınıb; burada qadınların payı cəmi 22 faizdir.

IRENA-nın baş direktoru Françesko La Kamera bildirib ki, bərpa olunan enerji sektorunda gender bərabərliyinin irəliləməsi üçün dəqiq məlumatlara, hədəfli siyasət tədbirlərinə və bütün tərəflərin aktiv əməkdaşlığına ehtiyac var.

“Bizim təhlil bu sahədə vacib məlumat boşluğunu doldurur. Təəssüf ki, ənənəvi (qalıq) yanacaq sənayesindən daha yaxşı nəticələr göstərməsinə baxmayaraq, əslində az irəliləyiş əldə olunub,” – deyə o vurğulayıb.

La Kamera əlavə edib ki, qadınlar bərpa olunan enerji gələcəyinin formalaşdırılmasında bərabər tərəfdaşlar və liderlər kimi tanınmalıdırlar ki, enerji keçidinin tam potensialı reallaşsın.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR