Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi, “Bərəkət” İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihə çərçivəsində maarifləndirici təlim təşkil olunub.
Renewables.az bu barədə xidmətə istinadən xəbər verir.
İki gün davam edən təlimin birinci günü Laçın şəhər 2 nömrəli tam orta məktəbdə baş tutub. Təlimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, “Bərəkət” İctimai Birliyinin sədri Niyazi Həsənov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin İdarəedilməsi Şöbəsinin müdiri Cəbrayıl Əliyev, “Helind” MMC-nin direktoru Orxan Quluzadə və Laçın şəhər sakinləri iştirak ediblər.
Təlimin ikinci günü Ədalət Məmmədova adına Zabux kənd tam orta məktəbində keçirilib. Bu sessiyada Zabux kəndinin sakinləri iştirak ediblər.
Təlim iştirakçıları alternativ enerji mənbələrinin ev təsərrüfatlarında tətbiqinin həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. İki gün ərzində keçirilən sessiyalar və müzakirələr nəticəsində iştirakçılar bu sahədə bilik və bacarıqlarını artırıb, yaşıl enerji texnologiyalarının geniş tətbiqinə dair praktiki tövsiyələrlə tanış olublar.