Məhəmməd Əbunəyyan: "Əminəm ki, Azərbaycan həm də yaşıl enerji ixracatçısı olacaq"

AZƏRBAYCAN

image

Mən çox əminəm ki, Azərbaycan böyük ölkə kimi bundan sonra da bir tərəfdən neft və qaz ixracatçısı, digər tərəfdən yaşıl enerji ixracatçısı olacaqdır.

Bunu "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.

"ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış edərək dedi:

"Zati-aliləri.

Sizin qarşınızda çıxış etməkdən böyük şərəf və sevinc hissi duyuram. Olduqca mühüm bir layihədə iştirak edirik. Bu layihə Sizin rəhbərliyinizlə həyata keçirildi.

Cənab Prezident, Azərbaycan çox xoşbəxtdir ki, Sizin kimi rəhbəri var. Uzaqgörənliyi ilə seçilən şəxs kimi Siz islahatların necə aparılmasında, inkişafın necə təmin edilməsində, insanların, vətəndaşların həyatının yaxşılaşdırılmasında ən yaxşı nümunəsiniz. Bunlarla ölkəniz çox böyük nailiyyətlərə imza atmışdır. Onlar çox yüksəksəviyyəli nəticələrdir və məhz yaşıl enerji də bu istiqamətdə inkişaf etmişdir. Bu gün biz artıq başa çatdırılmış işi qeyd edirik və yaşıl enerji sahəsində bu addımı atırıq.

İcazənizlə, cənab Prezident, mən əvvəlki dövrə qayıdım. COP29-da Siz çox mühüm bir çıxış etdiniz. Müxtəlif tərəflər müəyyən strategiyalar haqqında danışırdılar, fikirlərini bölüşürdülər. Amma Siz söylədiniz ki, dünya ən yaxşı formada necə inkişaf etməlidir, hansı istiqamətdə getməlidir. Siz qeyd etdiniz ki, bu, məhz müxtəlif enerjilərin ümumi kombinasiyası sayəsində mümkündür. Düşünürük ki, bu, ümumiyyətlə, Azərbaycanın zəngin ehtiyatları ilə yanaşı, qlobal inkişafa verdiyi çox yaxşı bir töhfə idi. Bu da, əslində, böyük bir üstünlükdür ki, Azərbaycan belə zəngin ehtiyatlara malikdir. Siz öz açılış nitqinizdə bunu qeyd etdiniz və məhz bir neçə giqavatlıq güclər haqqında danışdınız.

Cənab Prezident, Siz bu planı müəyyən etdiniz. Siz ölkənizdə həmin bu ekosistemi yaradırsınız. Əslində, bu addımları atmaqla, bu işləri görməklə Siz Azərbaycana gələn hər bir xarici sərmayədar üçün əlverişli mühit yaradır, onların işlərini daha da asanlaşdırırsınız. Buna görə də ölkələrimizin bu qədər sıx münasibətlər qurmasına müvəffəq olursunuz. Ona görə də bizim kimi insanlar Sizin ölkənizə gəldikdən və fəaliyyət göstərdikdən sonra Azərbaycanın nailiyyətlərinin, uğurlarının carçısına çevrilirik. Biz burada - Azərbaycanda ona görəyik ki, Siz çox gözəl rəhbərlik keyfiyyətlərinizi göstərirsiniz və dünyada hər bir kəsin maraqlarına xidmət edəcək vacib qərarlar qəbul edirsiniz. Sizin rəhbərlik etdiyiniz Azərbaycan çox gözəl ölkədir. Azərbaycan xalqı çox qonaqpərvərdir və uğur hər zaman sizinlə olacaqdır.

Cənab Prezident, bu yaşıl enerji layihəsi məhz Sizin planınız əsasında həyata keçirildi və gördüyünüz kimi, biz bunu yerlərdə işləyərək reallığa çevirdik. Əlbəttə ki, bu, həmçinin yaşıl enerjinin gələcək inkişafı ilə bağlı məsələdir.

Mən çox əminəm ki, Azərbaycan böyük ölkə kimi bundan sonra da bir tərəfdən neft və qaz ixracatçısı, digər tərəfdən yaşıl enerji ixracatçısı olacaqdır. Buna görə də kralımızın və şahzadəmizin rəhbərliyi, onların təlimatları ilə bu enerji imkanlarını genişləndiririk və görürük ki, biz dünyada ən iri neft hasilatçısı olmaqla yanaşı, həmçinin yaşıl enerji sahəsində də irəlidə gedirik. Cənab Prezident, əlbəttə ki, bu işdə Sizin rəhbərliyiniz çox labüd və lazımlı idi. Biz görürük ki, məhz düzgün rəhbərlik olanda hər bir ölkənin xalqı rifah içində yaşayır və uğurlar qazanılır.

Cənab Prezident, biz bu gün buraya bu layihənin açılışı münasibətilə gəldik. Biz buraya gəldik, öz uğurlarımızı bölüşdük, bütün məsələləri həll etdik. Cənab Prezident, Siz öz rəhbərliyinizlə bizi çox şərəfləndirdiniz. Biz hamımız bir araya gəldik, layihə çərçivəsində çalışdıq, əl-ələ verdik ki, bu uğur əldə olunsun və bu gün həmin uğur artıq göz qabağındadır. Biz onu burada qeyd edirik. Bu, bizim tərəfdaşlığımızın və nümunəvi işgüzar münasibətlərimizin yaxşı bir göstəricisidir. Energetika Nazirliyinin bu işdə bizim etibarlı tərəfdaşımız olmağından çox məmnunuq.

Cənab Prezident, Sizə təşəkkürümüzü bildiririk. O cümlədən Çin şirkətlərinə minnətdarıq ki, onlar da bizimlə birgə işlədilər. Mən, həmçinin Azərbaycan şirkətlərinə də minnətdarlığımı bildirirəm. Onlar da təchizat zəncirində bizə dəstək verdilər, digər xidmətləri göstərdilər. Cənab Prezident, biz “ACWA Power” şirkəti olaraq şahzadəmizin və energetika nazirimizin rəhbərliyi ilə sizin müəyyənləşdirdiyiniz planları həyata keçirdik və əlimizdən gələni edəcəyik ki, bütün bu texnologiyalar burada tətbiq edilsin. Çünki Sizin rəhbərliyinizlə Azərbaycan strateji baxımdan irəliyə doğru getməlidir. Bununla bağlı bizim məhdudiyyətlərimiz yoxdur və planlarımız davam edir. Çünki ölkələrimizin gözəl rəhbərləri var və cənab Prezident, biz xoşbəxtik ki, burada - Azərbaycandayıq. Biz xoşbəxtik ki, Siz bizə etimad göstərmisiniz. Siz bizə bu fürsəti yaratdınız. Siz bizə öz dəstəyinizi göstərdiniz.

Biz, həmçinin burada duzsuzlaşdırma layihəsi ilə bağlı məsələləri də müəyyən etdik. Qeyd etdik ki, bu da bizim növbəti gözəl layihəmiz ola bilər. Biz bu nadir layihəni Xəzər dənizində icra edəcəyik. Dünyada bir çox ölkələr bu kimi layihələri hələ həyata keçirməyib.

Cənab Prezident, Siz, həmçinin su ehtiyatlarının təhlükəsizliyi haqqında düşünürsünüz. Bu haqda hələ heç bir tərəf düşünmür. Lakin biz buradayıq, biz sizin ölkənizi və xalqınızı sevirik. Sizə hər bir məsələdə uğurlar arzu edirik. İstərdik ki, bu planlar reallığa çevrilsin, hətta hələ digər tərəflərin görmədiyi, hazırlaşmadığı bu planları, bu işləri Sizinlə birgə həyata keçirək və hər hansı bir böhrandan sığortalanaq. Təbii ki, bilirik, Azərbaycanı bu gün bu gözəl vəziyyətdə saxlayan məhz Sizsiniz. Sizin rəhbərliyiniz nəinki bu region üçün, bütün dünya üçün ən yaxşı nümunədir. Siz göstərirsiniz ki, uğur uğurun üzərində dayanır. Siz ölkəniz, xalqınız üçün çalışırsınız. Biz Sizə minnətdarıq.

Cənab Prezident, təşəkkür edirik ki, bu gün bu tədbirdə Sizinlə olmaq fürsətini bizə yaratdınız. Təşəkkür edirik ki, bizimləsiniz və arzu edirik ki, bundan sonra da biz digər layihələrin həyata keçirilməsində uğurları birlikdə qeyd edək. Azərbaycanla tərəfdaşlıqdan və uğurlu əməkdaşlıqdan qürur hissi duyuruq".



OXŞAR XƏBƏRLƏR