Məryəm əl-Məzrui: “Masdar”ın Azərbaycanda ilk külək layihəsi maliyyələşmə mərhələsindədir

AZƏRBAYCAN
KÜLƏK

image

Hazırda Azərbaycanda, ümumilikdə 760 meqavat gücündə 2 Günəş elektrik stansiyası (GES) layihəmiz icra olunur. Eyni zamanda, 240 meqavatlıq külək elektrik enerjisi stansiyası layihəsi üzərində işlər aparılır. Bu, “Masdar” şirkətinin Azərbaycanda ilk külək enerjisi stansiyası layihəsi olacaq. Layihə hazırda maliyyələşmə mərhələsindədir. Banklarla danışıqlar aparılır. Allahın izni ilə, bu il maliyyə məsələləri həll olunacaq.

Bunu BƏƏ-nin “Masdar” şirkətinin Orta Asiya üzrə müdiri Məryəm əl-Məzrui AZƏRTAC-ın müxbirinə açıqlaması zamanı deyib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri üçün, eləcə də “Masdar” şirkəti üçün mühüm strateji ölkə olduğunu vurğulayan Məryəm əl-Məzrui “Masdar”ın ölkəmizdə ilk investisiya layihəsi olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin 2022-ci ildə qoyulduğunu bildirib.

“Azərbaycan Günəş və külək enerji imkanları ilə zəngindir. Əbəs yerə, Bakı şəhəri küləklər şəhəri adlanmır. Azərbaycanın təmiz enerji imkanları böyükdür. Ölkəniz yaşıl enerjisini Avropa ixrac etmək istəyir. Azərbaycan Energetika Nazirliyi regionun bir sıra ölkələri ilə bu sahədə müzakirələr aparır. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerjinin ixracı ilə bağlı müzakirələr gedir. Azərbaycanın enerji sahəsində daxili istehlak və ixrac üçün geniş imkanları var. Ölkənizdə Günəş enerjisi imkanları ilə zəngin ərazilər vardır. Məsələn, Naxçıvanı qeyd edə bilərik. Eyni zamanda, ölkənizdə külək enerjisi imkanları olan yerlər vardır”, - deyə əl-Məzrui diqqətə çatdırıb.

“Masdar” şirkətinin Azərbaycanla bərpaolunan enerji layihələrinin genişləndirilməsi üçün müzakirələr apardığını vurğulayan əl-Məzrui bildirib ki, şirkət "around the clock" (gecə-gündüz, fasiləsiz) bərpaolunan enerji istehsalı layihəsini Azərbaycanda tətbiq etməyi planlaşdırır. Hazırda Əbu-Dabidə bu layihə işə salınıb və tikinti mərhələsindədir.



OXŞAR XƏBƏRLƏR