Masdar: Azərbaycan "yaşıl enerji" sahəsində özünün investisiya cəlbediciliyini sübut edib

AZƏRBAYCAN

image

Azərbaycan təkcə qalıq yanacağa deyil, həm də bərpa olunan enerji və digər istiqamətlərə investisiyalar üçün onu cəlbedici edən səviyyəyə çatıb.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıxov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Enerji sənayesində davamlılıq” panel müzakirəsində bildirib.

M.Sadıxov qeyd edib ki, şirkətin Azərbaycandakı fəaliyyəti ilk kommunal miqyaslı layihə olan 230 meqavat gücündə Qaradağ günəş elektrik stansiyası layihəsi ilə başlayıb.

"Hazırda tərəfdaşımız “SOCAR Green” ilə daha iki layihənin icrasına başlamışıq və 240 meqavat gücündə külək elektrik stansiyası layihəsini hazırlayırıq. Ümumilikdə, Azərbaycanda idarəçiliyimiz altında olacaq portfel 2027-ci ilə qədər 1,2 giqavat gücü ötəcək", - o bildirib.

M.Sadıxovun sözlərinə görə, bütün bunlar Azərbaycan hökumətinin ardıcıl səyləri, ölkənin siyasi rəhbərliyi və onların energetika, həm də sənayedə diversifikasiya kursuna qəti sadiqliyi sayəsində mümkün olub.

"Azərbaycanın enerji layihələrinin inkişafında və investisiya əlaqələrində keçdiyi yolu anlamaq və hörmət etmək vacibdir. Biz Azərbaycan iqtisadiyyatının dayanıqlılığına və idarəetmənin səmərəliliyinə əminik. Bu layihə həm bizim üçün, “Masdar” şirkətində, həm də Azərbaycan hökuməti üçün mühüm mərhələ oldu. Biz göstərdik ki, birincisi aramızda etimad var, ikincisi isə kreditorlarımızı və tərəfdaşlarımızı inandıra bildik: Azərbaycan təkcə ənənəvi enerji sektoruna deyil, həm də bərpa olunan enerji mənbələrinə və digər perspektivli istiqamətlərə investisiyalar üçün onu cəlbedici edən səviyyəyə çatıb", - o qeyd edib.

Renewables.az


OXŞAR XƏBƏRLƏR