“Masdar” Azərbaycandan "yaşıl enerji"nin ixracı üzrə layihələrdə iştirak etməyə hazırdır

AZƏRBAYCAN

image

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilin sonunadək Azərbaycanda 240 MVt gücündə külək parkının inşasına başlamağı planlaşdırır.

Renewables.az "Report"a istinadla xəbər verir ki, bu barədə “Masdar” şirkətinin biznesin inkişafı və investisiyalar (MDB) şöbəsinin rəhbəri Məryəm Raşed Əl Mazrui 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

O qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində “Masdar” üçün prioritet və strateji bazarlardan biri olaraq qalır: "Bu ilin sonunadək biz 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırırıq".

Əl Mazrui, həmçinin Azərbaycanda günəş elektrik stansiyalarının tikintisi üzrə şirkətə məxsus layihələrin həyata keçirilməsində irəliləyişə diqqət yetirib: "Ölkədəki günəş enerjisi ilə bağlı layihələrimiz artıq həyata keçirilmə mərhələsindədir. Növbəti il ərzində istehsala ümid edirik".

Onun sözlərinə görə, “Masdar” şirkəti "yaşıl enerji" ixracı ilə bağlı regional təşəbbüsləri fəal şəkildə dəstəkləyir: "Biz Azərbaycanın və region ölkələrinin bərpa olunan elektrik enerjisini qonşu dövlətlərə və Avropaya ixrac etmək səylərini tam dəstəkləyirik. "Masdar" "yaşıl enerji" ixracına yönəlmiş belə layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etməyə hazırdır".

Əl Mazrui həmçinin xatırladıb ki, ötən il "Masdar", “ACWA Power” və SOCAR Xəzər dənizində ofşor külək enerjisi potensialının birgə öyrənilməsi haqqında anlaşma memorandumu imzalayıblar: "Bu layihəyə tam ciddiyyətlə yanaşırıq və yaxın gələcəkdə praktiki şəkildə həyata keçirməyə keçməyi ümid edirik. Azərbaycan “Masdar” üçün əsas istiqamət olaraq qalır".



OXŞAR XƏBƏRLƏR