Nazir: "Azərbaycanın enerji siyasəti bütün enerji növlərinin balanslı inkişafına əsaslanır"

AZƏRBAYCAN

image

Azərbaycanın enerji siyasəti bütün enerji növlərinin balanslı inkişafına əsaslanır və bu yanaşma dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilib.

Energetika Nazirliyinin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal Enerji Xəritəsinin Yenidən Cızılması: Təhlükəsizlik və Qeyri-müəyyənlik” mövzusunda keçirilən nazirlər panelində çıxışında deyib.

Enerji keçidi prosesinə də toxunan nazir bildirib ki, bu gün də qlobal iqtisadiyyatın 80%-dən çoxu ənənəvi enerji mənbələrindən asılı olaraq qalır. Dünyada bərpa olunan enerji sahəsində ötən il 15,5% artım olsa da karbohidrogenlərə olan tələbat tam əvəz edilməyib. Bu səbəbdən enerji keçidi “əvəzləmə” deyil, daha çox “əlavə və optimallaşdırma” prosesi kimi qiymətləndirilməlidir və bu proses ağıllı şəkildə idarə olunmalıdır. Nazir vurğulayıb ki, enerji keçidi ilə bağlı tələsik və kifayət qədər əsaslandırılmamış qərarlar karbohidrogen sektoruna investisiyaların azalmasına və nəticədə enerji təhlükəsizliyinə risklər yarada bilər. Sonda vurğulanıb ki, qlobal enerji dilemması yalnız balanslı və inklüziv yanaşma ilə həll oluna bilər. Enerji sistemində hər hansı komponentin nəzərdən qaçırılması qlobal tarazlığı poza və bunun mənfi təsirləri bütün ölkələr tərəfindən hiss oluna bilər.

Qeyd edək ki, panel müzakirələrdə Azərbaycanın energetika naziri ilə yanaşı, Türkiyənin energetika naziri Alparslan Bayraktar, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera iştirak edib.



OXŞAR XƏBƏRLƏR