Energetika Nazirliyinin Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsinə dair İnvestisiya Sazişi çərçivəsində "Enerso Cəbrayıl" MMC bir sıra razılaşmalar imzalayıb.
Bakı Enerji Həftəsində ötən gün əldə olunmuş razılaşmalardan birinə - Balanslaşdırma Müqaviləsi “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Norm” ASC-nin Maliyyə və Strategiya üzrə Baş icraçı direktor müavini Elvin Mirzəyev və "Enerso Cəbrayıl"ın direktoru Eldar Məmmədzadə imza atıb.
Belə ki, “Norm” günəş enerjinin alıcısı qismində çıxış edəcək və bu da şirkətin dekarbonizasiya hədəfləri çərçivəsində yaşıl enerjiyə keçidini sürətləndirəcək.
“Bu razılaşmaya qoşulmaq, "Norm" olaraq, COP29-da ictimaiyyətə elan olunan 2050-cı il xalis sıfır karbon emissiyası hədəflərinin reallaşdırılmasına doğru atdığımız mühüm addımdır. Belə ki, "Azərbaycan Sement İstehsalçıları Assosiyasiyası" İctimai Birliyinin üzvü kimi, 2050-ci il Xalis Sıfır Yol Xəritəsinə uyğun olaraq, atacağımız addımlardan biri alternativ enerjidən istifadə ilə sənayenin dekarbonizasiyasına töhfə verməkdir”, - deyə E.Mirzəyev qeyd edib.
50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyasında hər il təxminən 110 milyon kilovatt-saat ekoloji təmiz elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir.
“Norm” 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu - "NEQSOL Holding"in tərkibinə daxildir.