Plugin.az Azərbaycanın yaşıl enerji keçidini təşviq etməyi hədəfləyən bərpa olunan enerji platformasıdır. Platforma istifadəçilərə yaşıl enerji sahəsində dövlət siyasəti, qanunvericilik, aktual xəbərlər, eləcə də Azərbaycanda bərpa olunan enerji inkişafına dair yerli və praktiki məlumatlar təqdim edir.
Plugin.az-ın əsas funksiyalarından biri də Azərbaycana uyğunlaşdırılmış günəş paneli quraşdırma kalkulyatorudur. Bu kalkulyator hesablamaları Azərbaycana uyğunlaşdırılmış real göstəricilər əsasında aparır. Hesablamalarda coğrafi yerləşmə (region üzrə günəşlənmə səviyyəsi), damın istiqaməti və bucaq dərəcələri, eləcə də Azərbaycanda real tətbiqlərdən əldə olunmuş quraşdırma qiymətləri nəzərə alınır. Nəticədə istifadəçilərə günəş panellərinin quraşdırılması üçün təxmini xərc dəyəri və sistem ölçüsü təqdim olunur.
Platforma, yaşıl enerji keçidini daha da sürətləndirmək məqsədilə Nazirlər Kabinetinin 28 sentyabr 2023-cü il tarixli 346 nömrəli Qərarı kimi mühüm normativ yenilikləri də ictimaiyyətə çatdırır. Həmin Qərara əsasən, Azərbaycanda məişət günəş panellərinə malik olan istehlakçılara artıq istehsal etdikləri elektrik enerjisini şəbəkəyə ötürmək imkanı verilir. İstehlakçılar gecə saatlarında şəbəkəyə ötürdükləri enerjidən əvəzləşdirmə mexanizmi vasitəsilə istifadə edə bilər və hesabat dövrünün sonunda artıq enerji qalarsa, onun üçün ildə bir dəfə maliyyə kompensasiyası ala bilərlər.
Platformanın "Xəbərlər" bölməsində Renewables.az-da dərc olunan xəbərlər yayımlanır.
Plugin.az, bu imkanları və məlumatları əlçatan etməklə, fərdi istehlakçıların və ev təsərrüfatlarının günəş enerjisinə keçidini asanlaşdırmağı və Azərbaycanda bərpa olunan enerjinin inkişafına real töhfə verməyi qarşısına məqsəd qoyur.
