Prezident: "Bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir"

AZƏRBAYCAN

image

Son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir.

Bunu Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Prezident İlham Əliyev qeyd edib: "Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Onu da bildirməliyəm ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir. Eyni zamanda, bildiyiniz kimi, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi, böyük enerji güclərini tələb edir".



OXŞAR XƏBƏRLƏR