Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur.
Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.
Həmçinin Prezident İlham Əliyev "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə 23 dekabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda yaradılacaq enerji effektivliyi informasiya sisteminin sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirəcək.
Nazirlər Kabineti "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun 17.1.5-ci maddəsinə uyğun olaraq, enerji effektivliyi informasiya sisteminin əsasnaməsini altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Energetika Nazirliyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna uyğun olaraq, Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
