Qarabağ və Şərqi Zəngəzurda quraşdırılan günəş panelləri ilə bağlı detallar açıqlanıb

AZƏRBAYCAN
YAŞIL ENERJİ ZONASI

image

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılan günəş panelləri ilə bağlı bəzi detallar açıqlanıb. Bu ərazilərdəki fərdi evlərin günəş panelləri ilə təchiz olunması istiqamətində iqtisadi analizlər aparılıb.

Yerli medianın məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.

O vurğulayıb ki, fərdi evlərin günəş panelləri ilə təchiz olunması istiqamətində iqtisadi analizlər aparılıb: "Qazlaşdırılmış yaşayış məntəqələrində, evlərin üzərinə 3 kVt gücündə, qazlaşdırılmamış yaşayış məntəqələrində isə 5 kVt gücündə günəş panellərinin quraşdırılması məqsədəuyğun hesab olunub. Eyni zamanda istilik kollektorlarının istifadəsi də xüsusi əhəmiyyət kəsb edir".

C. Abdullayev bildirib ki, yaşıl enerji zonası elan olunan işğaldan azad olunmuş ərazilərdə beynəlxalq məsləhətçi şirkət (TEPSCO) Yaponiyadan cəlb olunub: "Burada aparılan bütün araşdırmalarda enerji səmərəliliyi əsas istiqamət kimi müəyyən edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yaşıl enerji zonası ilə bağlı 4 normativ-texniki sənədin qəbul edilməsi tapşırılmışdı və onların hamısı artıq təsdiq olunub".

Onun sözlərinə görə, enerji səmərəliliyi standartlarının tətbiqi işğaldan azad olunmuş ərazilərdə əsas prioritetlərdəndir: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Avropadakı kimi enerji effektivliyi üzrə A, B, C, D, E kateqoriyalarını qəbul edib. Azərbaycanda artıq C-dən aşağı kateqoriyalı evlərin istismara verilməsi qadağandır. İşğaldan azad olunmuş ərazilərdə də bir dənə belə aşağı kateqoriyalı evin tikintisinə yol verilməyəcək".

Agentlik direktoru Azərbaycanda "yaşıl artım" və "yaşıl enerji" məkanının 2030-cu ilə qədər müəyyən edilmiş 5 prioritetdən biri olduğunu xatırladaraq, həmin istiqamətdə görülən işlərdə Ağalıdakı "Ağıllı kənd"in xüsusi rol oynadığını vurğulayıb: "Yalnız bir faktı qeyd edim ki, COP 29-da Azərbaycanın "yaşıl enerji" sahəsində irəli sürdüyü təşəbbüslərdən biri məhz "yaşıl enerji" zonaları və "yaşıl dəhliz"lərdir. Artıq 70-dən çox ölkə bu və yaxud digər formada həmin təşəbbüsə könüllü şəkildə qoşulub. O, təşəbbüsün də nüvəsində duran həll Ağalı kəndidir. Orada olan ağıllı həllər, o cümlədən Arximed qurğusu, digər aktiv istehlakçıların dəstəklənməsi mexanizmləri Azərbaycanda sistemli şəkildə şəhərsalma praktikasında ilk dəfə məhz həmin kənddə təqdim olunur".



OXŞAR XƏBƏRLƏR