İran 250 MVt gücündə yeni günəş elektrik stansiyalarının açılışını edib

REGİON
GÜNƏŞ

image

İran 250 meqavat gücündə yeni günəş elektrik stansiyalarının açılış mərasimini keçirib.

Ölkənin prezidenti Məsud Pezeşkiyan oktyabrın 11-də keçirilən mərasimdə bu layihələri rəsmi olaraq istifadəyə verib. Həmçinin mərasim çərçivəsində əlavə 450 meqavatlıq günəş enerjisi layihələrinin icrasına da start verilib.

Mərasim zamanı İranın energetika naziri Abbas Əliabadi bildirib ki, yeni istifadəyə verilən stansiyalarla birlikdə ölkədə bərpa olunan enerji mənbələri ümumilikdə 2,550 meqavat gücə çatıb. Bu, təxminən 145 min ailənin aylıq elektrik tələbatına bərabərdir. Nazirin sözlərinə görə, bu gücün təxminən 2 giqavatı günəş enerjisinin payına düşür.

Fars Xəbər Agentliyinin məlumatına əsasən, 250 meqavat gücündə yeni günəş stansiyaları İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində inşa edilib. Layihələr arasında Araz Azad Ticarət Zonasında yerləşən 40 meqavat gücündə “Aras Talar Amir” layihəsi də var. Bu layihə 14 milyon dollardan çox sərmayə ilə ölkənin ən böyük özəl sektor bərpa olunan enerji layihələrindən biri hesab olunur.

Bu ilin əvvəlində İran hökuməti 2026-cı ilin martına qədər, yəni növbəti İran təqvimi ilinin sonunadək, bərpa olunan enerji gücünü 10 giqavata çatdırmağı, bunun 5,5 giqavatının isə yeni günəş enerjisi layihələrindən ibarət olacağını hədəf kimi müəyyən edib.

Renewables.az


OXŞAR XƏBƏRLƏR