"Rusiya Enerji Həftəsi"ndə "3+3" formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

7 oktyabr 2026, 09:17 (UTC+4)
REGİON
EDITOR
image

Oktyabrda Moskvada “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumu çərçivəsində “3+3” Regional Əməkdaşlıq Platformasının enerji əməkdaşlığı məsələləri üzrə ilk görüşünün keçirilməsi planlaşdırılır.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Diplomat format çərçivəsində praktiki əməkdaşlığın genişləndiyini qeyd edib. Onun sözlərinə görə, iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “3+3” ölkələri ekspertlərinin görüşü keçirilib.

M.Kaluqin, həmçinin platformya daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının keçiriləcəyi yeri Azərbaycan və Ermənistanın müəyyənləşdirməli olduğunu bildirib.

“3+3” platformasına daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının harada keçiriləcəyinə indi Bakı və İrəvan qərar verməlidir. Tərəfdaşlara lazımi dəstəyi göstərməyə hazırıq”, - deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, “Rusiya Enerji Həftəsi” 14-16 oktyabr tarixlərində keçiriləcək.