İtaliyanın dayanıqlı texnologiya həll xidmətləri şirkəti "MAIRE"nin törəməsi "Tecnimont Services" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan SOCAR Green əməkdaşlıq müqavilələri imzalayıb.
Renewables.az İtaliya şirkətinin yaydığı press-relizə istinadən xəbər verir ki, tərəflər bərpa olunan enerji sektorunda biznes imkanlarına, aşağı karbonlu texnologiyalara, tullantıdan enerjiyə həll yollarına, yaşıl hidrogenə, metan emissiyalarının azaldılmasına və bioyanacaqlara diqqət yetirəcək.
MAIRE şirkətinin baş direktoru Alessandro Bernini "SOCAR Green ilə bu əməkdaşlığa başlamaqdan və Azərbaycanın karbonsuzlaşma hədəflərinə töhfə verməkdən qürur duyuruq ki, bu da SOCAR ilə uzun illər əvvələ dayanan tarixi əməkdaşlığımızı təsdiqləyir", deyə şərh edib.
Xatırladaq ki, cari ilin iyun ayında, Bakı Enerji Həftəsi çərçivəsində Energetika Nazirliyi və “Maire Tecnimont S.p.A”. arasında “Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişiklik edilməsi haqqında Protokol da imzalanıb.