Türkiyə Dünya Bankı ilə bərpaolunan enerji layihələrinin inkişafı ilə bağlı 6 milyard dollar maliyyə paketinin ayrılması məsələsini müzakirə edir. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar X hesabında yazıb.
Onun sözlərinə görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassaninin iştirakı ilə görüşdə nəzərdən keçirilib.
"İlkin maliyyə paketi üzərində işə başlamaq üçün razılıq əldə edilib və bu paket Türkiyənin günəş və külək elektrik stansiyalarının qoyuluş gücünü 2035-ci ilə qədər 120 min MVt-a çatdırmaq məqsədi ilə istifadə olunacaq”, - deyə Bayraktar izah edib.
Nazir qeyd edib ki, borc götürülən vəsaitlərin əsasən yüksək gərginlikli elektrik xətlərinin tikintisinə sərf ediləcəyi planlaşdırılır.
Dünya Bankı nümayəndələrinin iştirak etdiyi iclasda Türkiyədə nüvə enerjisi və qazla işləyən elektrik stansiyalarının inkişafı məsələsi də nəzərdən keçirilib.
