Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) adlı beynəlxalq akselerasiya proqramı çərçivəsində portalın rəhbəri İsa Qasımov arasında tərəfdaşlıq imkanları istiqamətlərində geniş müzakirələr aparılıb.
Renewables.az-a bu barədə BOEMDA-dan bildirilib.
Portalın rəhbəri proqram barəsində geniş məlumat verərək, Startup School 3 inkubasiya dövründə olan layihələrin cəlb olunmasını nəzərdə tutulduğunu bildirmiş, eyni zamanda qlobal miqyasda Bootcampların keçirilməsinin hədəfləndiyini vurğulayıb. Həmçinin İsa Qasımov Agentliyin tərəfdaş xarici ölkələrdən maraqlı tərəflərin yönləndirilməsi “Green Energy” sahəsində vizyon qazandırmaq baxımından vacibliyini qeyd edib.
Görüşdə Agentliyin direktor müavini Rəna Hümbətova tərəfindən tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, növbəti addımlarda peşəkar mentor və təlim dəstəyi ilə birgə digər zəruri tədbirlərin Agentlik tərəfindən görüləcəyi bildirilib.
Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı çərçivəsində Mərkəzi Asiya və Qədim İpək yolu üzərində yerləşən ölkələrdən (Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanısatn, Pakistan və Çin) startup layihələrinin müraciətləri qəbul olunur. Akselerasiya proqramında ABŞ, Cənubi Koreya, Çin, Almaniya, Tükiyə, Azərbaycan və digər ölkələrin qabacıl təcrübələrindən istifadə edilir və mütəxəssisləri cəlb olunur.