Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı, Boota Az MMC ilə universitet arasında akademik tərəfdaşlıq çərçivəsində həyata keçirilən Boota Green Talent Academy (BGTA) proqramının Payız 2026 dövrünün açılış mərasimi keçirilib.
Renewables.az ADNSU-ya istinadla xəbər verir ki, açılış mərasimində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndələri, ADNSU rəhbərliyi və Boota Green Talent Academy komandası iştirak edib. Tədbirə 52 iştirakçı əyani, 300-dən çox iştirakçı isə onlayn formatda qoşulub.
Mərasimdə ADNSU rektoru, dosent Rüfət Əzizov, BOEMDA-nın direktor müavini Fəqan Abdurəhmanov, Boota.az-ın baş icraçı direktoru Elvin Rzayev və Boota Green Talent Academy-nin direktoru Cavid Məmmədli çıxış ediblər.
Çıxışlarda texniki biliklərlə yanaşı, maliyyə, siyasət, data və kommunikasiya bacarıqlarına malik yeni nəsil yaşıl enerji mütəxəssislərinin hazırlanmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanın təmiz enerji ekosisteminin inkişafında dövlət, universitet və sənaye əməkdaşlığının rolu qeyd olunub.
Açılış mərasimindən sonra proqramın ilk təlim sessiyası keçirilib. Sessiyada iştirakçılara Azərbaycanın yaşıl gündəliyi, karbon bazarları və digər mövzular üzrə ilkin məlumatlar təqdim olunub.
İki ay davam edəcək proqram çərçivəsində 18 sessiyanın keçirilməsi nəzərdə tutulur. Təlimlərdə günəş, külək, bioenerji və batareya texnologiyaları daxil olmaqla bərpa olunan enerji texnologiyaları, layihə iqtisadiyyatı, data və süni intellekt, peşəkar kommunikasiya və digər aktual istiqamətlər əhatə olunacaq. Sessiyalar əyani və onlayn formatda təşkil ediləcək.
Qeyd edək ki, proqram iştirakçıların yaşıl enerji sahəsində texniki bilikləri ilə yanaşı, analitik düşüncə, kommunikasiya və peşəkar bacarıqlarının inkişafına yönəlib.
Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.