Azərbaycan nümayəndə heyəti "WindEnergy Hamburg 2026" sərgisində iştirak edib

28 sentyabr 2026, 17:11 (UTC+4)
ÖLKƏ • KÜLƏK
EDITOR
image
Foto: AHK Azərbaycan

"Alman-Azərbaycan Xarici Ticarət Palatası"nın ("AHK Azərbaycan") təşkilatçılığı ilə biznes nümayəndə heyəti külək enerjisi sənayesi üzrə dünyanın aparıcı beynəlxalq sərgilərindən biri olan "WindEnergy Hamburg 2026" sərgisində iştirak edib.

Renewables.az-a "AHK Azərbaycan"dan bildirilib ki, nümayəndə heyətinə Azərbaycanın bərpa olunan enerjiyə keçid prosesində mühüm rol oynayan "SOCAR Green" MMC və "AGEC" şirkətinin nümayəndələri daxil olub.

Səfər çərçivəsində nümayəndə heyəti külək enerjisi sektorunda ən son texnologiya və yeniliklərlə tanış olub, həmçinin Azərbaycan bazarında potensial əməkdaşlıq və biznes imkanlarını müzakirə etmək məqsədilə Almaniya və beynəlxalq enerji şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.

Proqram çərçivəsində nümayəndə heyəti "Siemens Gamesa" şirkətinin Cuxhavendə yerləşən müəssisəsinə səfər edərək külək enerjisi texnologiyaları, sənaye prosesləri və Almaniyanın enerji keçidi sahəsində təcrübəsi ilə yaxından tanış olub.

Nümayəndə heyətinin səfərinin əsas məqsədi bərpa olunan enerji sahəsində Almaniya-Azərbaycan əməkdaşlığını gücləndirmək, bilik və texnologiya mübadiləsini təşviq etmək, eləcə də Almaniya təcrübəsi və həllərinin Azərbaycanın enerji keçidinə töhfə imkanlarını araşdırmaq olub.

Bu kimi təşəbbüslər vasitəsilə "AHK Azərbaycan" ölkənin enerji sektorunun əsas iştirakçılarını Almaniya sənayesinin təcrübəsi ilə əlaqələndirməyə və iki bazar arasında konkret biznes tərəfdaşlıqlarının inkişafını dəstəkləməyə davam edir.

Renewables.az