Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 21 mlrd. 190,9 mln. kVts olub.
Renewables.az bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara istinadən xəbər verir.
Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 16 mlrd. 960 mln. kVts, su elektrik stansiyalarında (SES) 2 mlrd. 767,1 mln. kVts, digər mənbələr üzrə isə 1 mlrd. 463,8 mln. kVts, o cümlədən külək elektrik stansiyalarında (KES) 768,7 mln. kVts, günəş elektrik stansiyalarında (GES) 501,5 mln. kVts, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,6 mln. kVts elektrik enerjisi istehsal edilib. 9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı SES-lərdə 352,8 mln. kVts, KES-lərdə 698,4 mln. kVts, BMTYZ-də isə 10,2 mln. kVts artıb.
Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1 mlrd. 051,9 mln. kVts artımla 4 mlrd. 230,9 mln. kVts təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 18 mlrd. 233,4 mln. kVts (İES-lərdə 15 mlrd. 434,8 mln. kVts, SES-lərdə 2 mlrd. 753,1 mln. kVts, GES-lərdə 45,5 mln. kVts), müstəqil elektrik stansiyaları üzrə isə 2 mlrd. 957,5 mln. kVts təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 mln. kVts, idxalı isə 170,6 mln. kVts olub.