Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Bərpa olunan enerji sahəsində gənc qadınların karyera və liderlik potensialının inkişafı" layihəsi başa çatıb.
Renewables təşkilatçıya istinadən xəbər verir ki, layihənin əsas məqsədi bərpa olunan enerji sahəsində təhsil alan qadın tələbələrin bilik və bacarıqlarını artırmaq, onları sektorda fəal iştirakçıya çevirmək və gələcəkdə bu sahədə qadın mütəxəssislərin sayını artırmaq idi.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) və "Gender Hub" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirində, ucqar ərazilərdə yerləşən məktəblərdə təhsil alan şagirdlərə bərpa olunan enerji mövzusunda məlumatlar təqdim edilib. Daha sonra BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Emil Kərimzadə tərəfindən bərpa olunan enerji mənbələri, xüsusilə külək və günəş enerjisi haqqında nəzəri biliklər, ölkəmizdə bu sahədə həyata keçirilən layihələr və görülən işlərlə bağlı məlumatlar verilib.
30-dan çox iştirakçının qatıldığı bağlanış mərasimində, layihə iştirakçıları həyata keçirdikləri bərpa olunan enerji ilə bağlı təşəbbüsləri təqdim etdikdən sonra, bu sahədə qadınların qarşılaşdığı sistematik çətinliklər, karyera imkanları və digər əlaqədar mövzular ekspertlər və iştirakçılar tərəfindən müzakirə edilib.
Sonda layihə müddətində fəal iştirak edən və uğurlu təşəbbüslər həyata keçirən iştirakçılara sertifikatlar təqdim olunub.
