Bakıda "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin texniki-iqtisadi nəticələri ilk dəfə beynəlxalq investorlara təqdim olunub

22 Oktyabr 2026, 18:30 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Renewables.Az

Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu keçirilib.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, Forumda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşlarına təqdim edilib.

Layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə olunub, 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlığın sürətləndirilməsi diqqət mərkəzində olub.

Tədbirdə Azərbaycan və tərəfdaş ölkələrin dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının, enerji şirkətlərinin, elektrik enerjisi alıcılarının, ötürücü sistem operatorlarının, kabel istehsalçılarının, texnologiya təchizatçılarının, mühəndislik və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər. Forumda Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, “Brookfield Asset Management”, “ACWA Power”, “Masdar”, “SOCAR Green”, “China Datang”, “State Grid Corporation of China”, “PowerChina”, “Siemens Energy”, “ABB”, “Hitachi Energy”, “Xlinks”, “Zhero”, “TotalEnergies”, “Jan De Nul”, “Prysmian”, “NKT”, “Hellenic Cables”, “ZTT”, “Hengtong”, “Orient Cable”, “Mitsui”, “CESI” və digər beynəlxalq şirkətlər təmsil olunublar.

Forumun açılışında çıxış edən energetika naziri Pərviz Şahbazov “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin regional enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq Sazişi ilə əsası qoyulan layihənin cari ilin iyulunda başa çatmış tədqiqatı onun texniki cəhətdən həyata keçirilə biləcəyini və iqtisadi baxımdan cəlbediciliyini təsdiqləyib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizi yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevirmək siyasətində bu layihənin xüsusi yer tutduğunu qeyd edib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı layihəyə siyasi dəstəyin bir daha ifadə edilməsi diqqətə çatdırılıb. Layihənin TYNDP 2026-nın layihəsinə daxil edilməsi və PMI (Ortaq Maraqlar Layihəsi) statusu istiqamətində görülən işlərin onun investisiya perspektivlərini gücləndirdiyi bildirilib.

Qeyd edilib ki, təxminən 3 min kilometr uzunluğunda “Yaşıl Enerji Dəhlizi”nin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması nəzərdə tutulur. Texniki-iqtisadi əsaslandırmaya görə, layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına imkan yaradacaq. Qara dənizin 2200 metrədək dərinliyində sualtı kabelin çəkilməsi üçün qabaqcıl texnoloji həllərin tətbiqinin vacibliyi vurğulanıb. Layihənin kommersiya dayanıqlılığının təmin edilməsi məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin nəzərdən keçirildiyi bildirilib. Bu modelin uzunmüddətli elektrik enerjisi alqı-satqı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslandığı qeyd olunub. Nazir beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib: “Məqsədimiz “Yaşıl Enerji Dəhlizi”ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır. İnanırıq ki, bugünkü forum yeni tərəfdaşlıqların qurulmasına, konkret investisiya imkanlarının formalaşmasına və “Yaşıl Enerji Dəhlizi”nin 2029-cu ildə nəzərdə tutulan yekun investisiya qərarına daha da yaxınlaşmasına mühüm töhfə verəcək”, - deyə nazir Pərviz Şahbazov bildirib.

Forum çərçivəsində altı tematik sessiya keçirilib. Birinci sessiyada “CESI” şirkətinin nümayəndələri tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının əsas nəticələri, o cümlədən texniki və iqtisadi göstəriciləri təqdim olunub. “Biznes modeli və investisiya imkanları” mövzusunda ikinci sessiyada “SOCAR Green”, “Xlinks”, “Zhero” və “DNV Global” şirkətlərinin nümayəndələri layihənin təklif olunan kommersiya modelini, idarəetmə və mülkiyyət strukturu variantlarını, inkişaf yol xəritəsini və strateji investorların iştirakı imkanlarını müzakirə ediblər. “Elektrik enerjisinin alışı və bazar imkanları” mövzusunda üçüncü sessiyada “MVM”, “Transelectrica”, “Masdar”, “ACWA Power” və “PowerChina” şirkətlərinin nümayəndələrinin iştirakı ilə Avropa bazarlarında yaşıl elektrik enerjisinə tələbat, uzunmüddətli elektrik enerjisi alqı-satqı müqavilələri, transsərhəd elektrik enerjisi ticarəti və kommersiya tərəfdaşlıqları ətrafında fikir mübadiləsi aparılıb. “Yaşıl Enerji Dəhlizinin maliyyələşdirilməsi: investisiya və tərəfdaşlıq üzrə dəyirmi masa” mövzusunda dördüncü sessiyada Dünya Bankının moderatorluğu ilə Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “Brookfield Asset Management” şirkətinin nümayəndələri layihənin maliyyələşdirilməsi modellərini, risklərin bölüşdürülməsi mexanizmlərini, dövlət və özəl maliyyə resurslarının birləşdirilməsi imkanlarını, həmçinin layihənin banklar və investorlar üçün cəlbediciliyinin artırılması məsələlərini nəzərdən keçiriblər. “Risklər, sığorta və banklar tərəfindən maliyyələşdirilmə imkanları” mövzusunda beşinci sessiyada “Marsh McLennan”, “Straife”, “Gala Insurance”, “PAŞA Sığorta” və “KPMG” nümayəndələri layihə risklərinin qiymətləndirilməsi və bölüşdürülməsi, sığorta həlləri, kreditorların tələbləri və layihənin maliyyələşdirilməyə hazırlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər. “Texnologiya və təchizat zənciri” mövzusunda altıncı sessiyada “Siemens Energy”, “Jan De Nul”, “Prysmian”, “NKT”, “ZTT”, “Hengtong”, “Hellenic Cables” və “Orient Cable” şirkətlərinin nümayəndələri yüksək gərginlikli sabit cərəyan (HVDC) texnologiyaları, sualtı elektrik kabellərinin istehsalı və quraşdırılması, mühəndislik və texnoloji həllər, təchizat zəncirinin imkanları və layihənin praktiki icraya hazırlığı barədə müzakirələr aparıblar. Sessiya çərçivəsində “Jan De Nul şirkəti” tərəfindən dünyada ilk olan 4 000 metrdən artıq dərinlikdə tətbiq edilə bilən kabel texnologiyasının təqdimatı edilib. Bildirilib ki, bu texnologiya testlərdən uğurla keçərək öz effektivliyini sübut edib. Müvafiq maliyyələşmə mexanizmi olarsa bu texnologiyanın Yaşıl Enerji Dəhlizi layihəsində tətbiqi də mümkün ola bilər.

Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması, yaşıl enerji dəhlizi layihəsi üzrə yekun investisiya qərarının (FID) qəbul edilməsi ilə bağlı növbəti addımlar razılaşdırılıb.

Renewables.az
1 / 10