Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli dəyişən cərəyan şəbəkəsi olan Yantai–Veyhay elektrik xəttini istismara verib.
AZƏRTAC Çin Qlobal Televiziya Şəbəkəsinə (CGTN) istinadla xəbər verir ki, xətt atom, külək və Günəş enerjisi istehsalı üzrə iri güclərin cəmləşdiyi Şandun əyalətində elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulub.
Bir dövrəli xəttin ekvivalent uzunluğu 1197 kilometrdir. Layihə çərçivəsində 1000 kilovolt gərginlikli yeni yarımstansiyanın tikintisi, iki mövcud yarımstansiyanın genişləndirilməsi və 2100-dən çox elektrik ötürücü xətt dayağının quraşdırılması nəzərdə tutulub. İnfrastrukturun bir hissəsi dağlıq ərazilərdə və dəniz akvatoriyasında yerləşir.
Yeni xətt əyalətin mövcud elektrik şəbəkəsinə qoşulub. Bu, enerji sisteminin ötürmə qabiliyyətini artırmağa və elektrik təchizatının etibarlılığını yüksəltməyə imkan verəcək. Şəbəkənin iki halqalı quruluşu onun hissələri arasında qarşılıqlı ehtiyat təminatına imkan verir: nasazlıq baş verdikdə, şəbəkənin bir hissəsi digərinin fəaliyyətini davam etdirməsini təmin edə bilər.
Çin korporasiyasının məlumatına görə, tikinti işləri 12 ay ərzində aparılıb. Layihə, həmçinin mürəkkəb şəraitdə ultra yüksəkgərginlikli enerji obyektlərinin inşası üçün yeni texniki həllərin tətbiqinə imkan verib.
Çin regionlar arasında elektrik enerjisinin ötürülməsi və iri enerji obyektlərinin vahid sistemə inteqrasiyası məqsədilə magistral ultra yüksəkgərginlikli elektrik şəbəkələrinin inkişafını davam etdirir.